İnam Kərimov ADAU-da tədrisin təşkili prosesi ilə tanış oldu - FOTOLAR

İQTİSADİYYAT
16:28 / 29.09.2021
1329

Kənd Təsərrüfatı naziri İnam Kərimov 2021/2022 tədris ilinin başlanması münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrlə görüşüb. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADAU-nun yeni tədris korpusunda keçirilən görüşdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və dövlət dəstəyi sayəsində bu sahədə inkişaf tempi davam edir. Kadr potensialının zənginliyi, peşəkar kadrların mövcudluğunu hər bir sahənin inkişafının əsas amillərindən biri adlandıran nazir İnam Kərimov yeni tədris ilində tələbələrə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbahim Cəfərov, Türkiyə Cümhuriyyəti Ege Universitetinin professoru İsmail Türkan son illərdə universitetdə kənd təsərrüfatı və dövlət sifarişli ixtisaslar üzrə təhsil alanların sayının əhəmiyyətli dərəcədə artmasını təqdirəlayiq hal kimi qiymətləndirib. ADAU-nun maddi-texniki bazasının müasirləşdirilməsi və rəqabətədavamlı kadr hazırlığının təmin edilməsi, eləcə də yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.    

Daha sonra yüksək balla ADAU-ya qəbul olan tələbələrlə, ikili diplom proqamı çərçivəsində Türkiyənin Ege Universitetindən dəvət olunmuş professor-müəllim heyəti, həmçinin ikili diplom proqramı ixtisaslarına qəbul olan tələbələrlə  görüş keçirilib. Tədbirdə çıxış edən tələbə və valideynlər aqrar təhsilə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Hazırda universitetin 560-dan çox professor-müəllim heyəti 6000-dən çox tələbəyə aqrar elmin dərinliklərini öyrədir. Son illər kənd təsərrüfatı ixtisaslarına qəbulda və keçid ballarının səviyyəsində artım qeydə alınıb. Azərbaycan Dövlət Aqrar Universitetinin tarixində ilk dəfə olaraq bu il tələbə qəbulu ən yüksək həddə - 1347 nəfərə çatıb ki, bu da aqrar sahədə təhsilə marağın artdığını göstərir. Azərbaycan Dövlət Aqrar Universiteti dünyanın 26-dan çox ölkəsinin 60-dan artıq universiteti ilə əməkdaşlıq edir. Cari tədris ilindən etibarən Ege Universitetinin aparıcı alimləri universitetdə tədris prosesinə cəlb olunublar. Son illər ADAU-nun beynəlxalq əlaqələrinin genişlənməsi nəticəsində universitetdə təhsil alan əcnəbi tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb. Cari tədris ilində universitetə 171 əcnəbi tələbə qəbul olub.

Səfər çərçivəsində nazir İnam Kərimov universitetin Göygöl rayonunda Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Süni Mayalanma Mərkəzinə baxış keçirib, iri və xırda buynuzlu heyvandarlıq kompleksləri, eləcə də Arıçılıq Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub.

0