Dünya bazarında “ağ qızıl” bahalaşır: Bu fakt Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

İQTİSADİYYAT
13:05 / 17.10.2021
1643

Dünyada pambığın qiyməti son 10 ilin ən yüksək səviyyəsinə qalxıb. Xarici medianın yaydığı xəbərə görə, beynəlxalq bazarda 1 funt və yaxud 455 qram pambığın qiyməti 1 ABŞ dollarını keçib. Belə ki, qiymət birdən-birə 8,8 faiz artaraq 1,07 dollara çatıb. Bu, əmtəə birjalarında satılan digər məhsullar arasında ən yüksək bahalaşma dinamikasıdır. Maraqlıdır, bu bahalaşma nədən qaynaqlanır? Pambığın qiymətinin artması Azərbaycan iqtisadiyyatına, o cümlədən pambıqçılıq təsərrüfatına necə təsir göstərəcək?

“Kaspi” qəzetinin əməkdaşları mövzu ilə bağlı araşdırma aparıblar.

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib ki, dünya bazarında pambığın qiymətinin artmasına əsas səbəb tədarük zəncirindəki fasilələrdir. Onun sözlərinə görə, enerji təchizatında yaranan problemlər, həmçinin əmtəə ehtiyatlarının azalması da prosesə öz təsirini göstərir: "Dünya bazarında pambıq mahlıcının qiyməti 1 ton üçün 2 min dollara qədər yüksəlib. Bu, son illər üzrə ən yüksək səviyyələrdən biridir. Qiymətin bahalaşmasının əsas səbəbi ən böyük pambıq ixracatçılarından olan ABŞ-da istehsalın həcminin və buna uyğun olaraq da dünya bazarında təklifin azalmasıdır. ABŞ-ın pambıqçılıqla məşğul olan bəzi ştatlarında havaların yağmurlu keçməsi, zərərvericilərin yayılması məhsuldarlığın azalmasına təsir edir. Yəni, ABŞ-dakı pambıq istehsalının azalması səbəbi ilə ümumi təklif azalıb. Bunun müqabilində həm ABŞ-da, həm də Çində tekstil sənayesinin tələbatı artıb. Belə əsaslı səbəblərdən dünya bazarında pambığın qiymətində artım müşahidə olunur. Əgər 2019-2020-ci marketinq ilində Çinin mövcud pambıq ehtiyatlarının istehlak həcminə nisbəti 111 faiz, 2020-21-ci marketinq ilində 98 faiz idisə, 2021-22-ci marketinq ilində bu nisbət 85 faizə qədər azalıb. Dünya üzrə ilin sonuna proqnozlaşdırılan qalıqların – ehtiyatın istehlaka nisbət göstəricisi əvvəlki 95 və 76 faizdən 2021-22-ci ildə 70 faizə düşəcəyi gözlənilir”.

Mütəxəssis deyib ki, ümumi ehtiyat azaldığından və tələbat artdığından pambığın dünya bazarında qiyməti artır: "Bazarın təhlilləri onu göstərir ki, Çin ilə yanaşı, Türkiyə və Pakistanın tekstil sənayesinin tələbatının artması da pambıq xammalına olan ehtiyacı çoxaldıb. Bir sözlə, dünyanın əsas istehsalçılarından olan ABŞ-da təbii səbəblərdən pambıq istehsalının həcmində azalma gözlənilir. Amma Çin, ABŞ, Türkiyə və Pakistan kimi tekstil ölkələrində pambığa olan tələbat artır. Ona görə də, dünya bazarında pambığın qiyməti yüksəlir. Dünya bazarında pambığın qiymətinə təsir edən əsas amil Çinin bu məhsula olan tələbatının artıb-azalmasıdır. Çinin pambıq ehtiyatı azalıb tələbatı artanda qiymətlər qalxır, ehtiyatı çoxalıb tələbatı azalanda, tekstil sənayesi zəifləyəndə isə dünyada pambıqçılığa olan tələbat azalır, qiymət artmır”.

F.Fikrətzadənin sözlərinə görə, Azərbaycanda pambıqçılığın dəstəklənməsi üçün pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər cari ilin yay ayında - məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər. Bu, qiymət şərtlərinin əlverişli olmasına şərait yaradıb: "Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılıb. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub. Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlər xeyli əlavə qazanc əldə edəcəklər. Azərbaycanda təxminən 100 min hektar sahədə pambıq əkilir. 2020-ci ildə ölkəmizdə 336 min tondan artıq pambıq istehsal olunub, pambıq üzrə orta məhsuldarlıq 33,6 sent/ha təşkil edib. Bu, son illər pambıqçılıqda qeydə alınan ən yüksək məhsuldarlıqdır. Bu il də pambıq istehsalında artım gözlənilir. Hər il əkin sahəsi sabit qalsa da, məhsuldarlıq ilbəil yüksəlir”.

Direktor vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir, bir sıra stimullaşdırıcı addımlar atılır: "Təhvil verilən pambığın hər tonuna görə fermerlərə 100 manat subsidiya ödənilir. Bundan başqa, fermerlər pambıq əkdikləri sahənin hər hektarına görə 260 manat əkin subsidiyası alırlar. Bu kimi tədbirlərin nəticəsi olaraq son illər Azərbaycanda pambıq istehsalında ixtisaslaşmış fermerlər qrupu yaranıb. Həmin fermerlər bu işlə daha peşəkar şəkildə məşğul olurlar. Bu da imkan verir ki, həm onların gəlirləri, həm də məhsuldarlıq artsın”.

İqtisadçı-ekspert Pərviz Heydərov isə qəzetimizə açıqlamasında deyib ki, dünya bazarında təkcə pambığın deyil, bütün xammal məhsullarının qiyməti qalxıb. Onun qənaətincə, bu, bir-biri ilə əlaqəli olan zəncirvari prosesdir: "Postpandemiya dövründə dünya ölkələrində istehsalın bərpası tendensiyası müşahidə olunur. Bu, indiyə qədər olan tələbatla ayaqlaşmır, əksinə, tələbat getdikcə artır. Yəni 2021-ci ildə iqtisadi aktivliyin bərpa olması nəticəsində yaranan tələbat müvafiq tələbi, təklifi üstələyir. Nəticə etibarilə xammalın qiymətində artım baş verir. Belə bir fonda digər aqrar məhsulların, o cümlədən pambığın qiymətinin artması obyektiv amillərlə, şəraitlə bağlıdır. Azərbaycana gəldikdə isə Prezident İlham Əliyevin ölkədə pambıqçılığın inkişaf etdirilməsi, "ağ qızıl”ın sovetlər birliyi dövründəki şöhrətinin yenidən özünə qaytarılması istiqamətində qəbul etdiyi qərarlar nəticəsində böyük uğurlar əldə olunur. Pambıqçılıq sahəsində rekord göstəriciyə imza atmışıq. Son 8 ay ərzində ixrac məhsullarımız arasında ən çox artım qeyri-neft məhsulu olan pambıq lifi və pambıqla bağlı məhsullara aiddir. Belə ki, 2021-ci ilin ilk 8 ayı ərzində qeyri-neft ixracında pambıq iplik 3,1 dəfə,  pambıq lifi 88,5 faiz artım nümayiş etdirib. Bu, böyük nailiyyətdir. Əgər dünya bazarında pambığın qiyməti artırsa, bu, bizim valyuta gəlirlərimizin artmasına təsir edəcək. Azərbaycanlı fermerlər, istehsal və tədarüklə, emalla məşğul olan subyektlər də bundan mənfəət götürəcəklər”.

0