"Son on ildə ölkə iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi 57 milyard ABŞ dolları təşkil edir".
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti iş adamları üçün biznes mühiti və investisiya cəlbediciliyinin təmin edilməsinə çalışır: "Ölkədə ÜDM-in 85 %-indən çoxu özəl sektorun payına düşür. Azərbaycan iqtisadi fəallığın təşviqi, əlverişli biznes mühitinin yaradılması üçün stimullaşdırma mexanizmlərindən geniş istifadə edən ölkədir.
Hazırda Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə əsasən 2022-2026-cı illər üzrə ölkənin strateji inkişaf strategiyası hazırlanır. Eyni zamanda, biz gələcəkdə işğaldan azad edilmiş ərazilərə vergi güzəştlərin tətbiqi məsələsinə baxırıq".
Nazir həmçinin qeyd edib ki, Qarabağda bərpa-quruculuq işlərinə tərəfdaş ölkələrdən investisiyaların cəlb olunmasında maraqlıyıq.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi regionun siyasi, iqtisadi mühitinin dəyişməsinə, Qafqazda sülhün yaranmasına şərait yaradıb: "Hazırda Qarabağda bərpa-quruculuq işləri aparılır. Dünən Azərbaycan və Türkiyə prezidentlərin iştirakı ilə Füzuli Hava Limanın açılış mərasiminə şahidlik etdik, bir sıra iqtisadi infrastruktur layihələrin həyata keçirilməsinə start verildi".
O bildirib ki, Azərbaycan höküməti bölgənin dirçəlməsi, əhalinin geri qayıtması istiqamətində bir sıra işlər həyata keçirir:
"Qarabağın dirçəldilməsi təkcə Azərbaycanın siyasi-iqtisadi gücünün göstəricisi deyil, həm də regionda davamlı sülhün əsası olacaq. Qarabağın bərpa olunması böyük iqtisadi əhəmiyyət kəsb edir. Burada regional inteqrasiya imkanları mövcuddur.
Qarabağda bərpa-quruculuq işlərinə tərəfdaş ölkələdən investisiyaların cəlb olunmasında maraqlıyıq. Ölkəmiz bura böyük sərmayələr yatırır, bir sıra dövlətlərdən şirkətlərin fəaliyyəti həyata keçirilir. Bərpa işlərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sahibkarlarının aramızda görmək istərdik. İnanırıq ki, bu sahədə əməkdaşlığımız qarşılıqlı və faydalı olacaq".