Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə səfəri davam edir. Səfər çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovla İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı aqrar tədqiqatlar sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr hazırlığı, aqrar təhsil sahəsində əməkdaşlıq, universitetlər arasında tələbə və müəllim mübadiləsi, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub. Tərəflər Azərbaycan və İsrail şirkətlərinin kənd təsərrüfatı üzrə ixtisaslaşmış sərgilərdə qarşılıqlı iştirakı barədə də fikir mübadiləsi aparıblar. Bildirilib ki, İsrail şirkətləri “Caspian Agro” Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakda maraqlıdır və gələn ildən bu sərgidə daha geniş tərkibdə iştirak edəcəklər.
Nümayəndə heyəti səfər çərçivəsində “Volcani Center” Aqrar Tədqiqatlar Mərkəzində olub. Mərkəzdə keçirilən görüş zamanı iki ölkənin aqrar tədqiqatlar sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib, aqrar məlumatlar bazasının formalaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti üçün keçirilən təqdimatda Mərkəzin fəaliyyəti, bitkiçilik, heyvandarlıq, bitki mühafizəsi, torpaqşünaslıq sahəsində tədqiqat istiqamətləri barədə geniş məlumat verilib. Görüşdə “Volcani Center” Aqrar Tədqiqatlar Mərkəzi ilə Azərbaycanın müvafiq elmi tədqiqat institutları arasında toxumçuluq sahəsində əməkdaşlığın genişləndirilməsi və kadr mübadiləsi barədə razılaşma əldə olunub.
Heyət üzvləri həmçinin İsrailin müasir suvarma sistemlərinin istehsalı üzrə ixtisaslamış “Netafim” şirkətinin, müasir heyvandarlıq kompleksinin, toxumçuluq müəssisəsinin, südçülük kompleksinin fəaliyyəti ilə tanış olub, yerli şirkətlərin nümayəndələri ilə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Azərbaycan heyətinə Kənd Təsərrüfatı Nazirliyinin və ölkənin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri daxildir. Nümayəndə heyəti dünən Təl-Əvivdə keçirilmiş İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumunda iştirak edib. Forum şərçivəsində Azərbaycan və İsrail şirkətləri arasında kənd təsərrüfatının müxtəlif sahələri üzrə əməkdaşlıq etmək barədə ikitərəfli razılaşmalar əldə olunub.