İşğal nəticəsində Kəlbəcərə nə qədər ziyan dəyib? - MƏBLƏĞ

İQTİSADİYYAT
10:28 / 25.11.2021
1481

"Təəssüf ki, 27 illik işğal müddətində Kəlbəcər rayonunun infrastrukturu Ermənistan tərəfindən varvarcasına dağıdılıb və təbii ehtiyatlar qeyri-leqal olaraq mənimsənilib. İşğal nəticəsində Kəlbəcərə ən azı on milyard dollar ziyan dəyib”.

HİT.az xəbər ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Kəlbəcər rayonunun işğaldan azad olunmasının 1 illinin tamam olmasından danışarkən deyib. Deputat bildirib ki, Kəlbəcər rayonu Cənubi Qafqazda ən böyük iqtisadi potensiala malik olan rayonlardan hesab olunur:

"İşğaldan öncə Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Böyük tarixi olan Kəlbəcər rayonu işğaldan əvvəlki dövrdə Azərbaycanın inkişafında xüsusi yeri ilə seçilib. Azərbaycanda ən böyük qızıl yataqları məhz bu rayonumuzun payına düşür. Söyüdlü yatağının qızıl ehtiyatları 115 tondan çox qiymətləndirilir. Eyni zamanda, Ağduzdağ və Tutxun qızıl yataqlarında 15 tona yaxın qızıl var. Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya yataqlarında min tondan artıq civə ehtiyatları mövcuddur. Kəlbəcər rayonunun mərmər oniksi, nefroid ehtiyatları daxil olmaqla bir sıra faydalı ehtiyatlara malik yataqları var. Rayonun sənaye potensialı kifayət qədər yüksək qiymətləndirilir”.

Vüqar Bayramov əlavə edib ki, ərazinin böyüklüyü Kəlbəcərdə kənd təsərrüfatının fərqli sahələrinin inkişafına şərait yaradır:

"Kəlbəcər Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir. Böyük turizm potensialı Kəlbəcərdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. Tamamilə türk mənşəli oronomik toponimlərə sahib olan Kəlbəcər rayonu ən qədim insan məskənlərindən biri hesab olunur. Bütövlükdə isə Kəlbəcər yeni quruculuq mərhələsinə qədəm qoyur. Həyat və gülüş tezliklə yenidən Kəlbəcərə qayıdacaq. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

0