Sabiq deputat, biznesmen Əsabil Qasımov Rusiyada sanatoriya açıb.
Qayanrinfo xəbər verir ki, sağlamlıq mərkəzi Jeleznovodsk şəhərində yerləşir. Qafqaz Mineral Sularının ən böyük kurortlarından biri olan beşulduzlu “İstoçnik Jeleznovodsk” sağlamlıq kurortu üç il ərzində şəhərin mərkəzindəki yarıqəzalı binaların yerində tikilib. Sanatoriyanın yataq tutumu 500 çarpayıdır. Layihəyə qoyulan ümumi investisiyanın həcmi 2 milyard rubldan artıqdır.
Stavropol qubernatorunun mətbuat xidmətinin məlumatına görə, sanatoriya xarici investisiyalar hesabına tikilib - layihəni Azərbaycandan olan şirkətlər həyata keçirib. Açılışda Əsabil Qasımov iştirak edib. Sabiq deputat bildirib ki, sanatoriya müasir müalicəvi və spa avadanlığı ilə təchiz olunub. Sanatoriya kompleksinin müxtəlif istirahət infrastrukturu təchiz edilib. Sanatoriya geniş spektrli xroniki xəstəliklərin müalicəsini həyata keçirəcək. Burada mədə-bağırsaq traktının, dəstək və hərəkət orqanlarının, tənəffüsün, metabolik pozğunluqların və s. müalicə olunacaq. Bundan əlavə, klassik və innovativ balneoterapiya və palçıq terapiyasının tətbiqi nəzərdə tutulur.
Əsabil Qasımov 2016-ci ildə Yessentukidə 1.5 milyard rubl investisiya hesabına 400 yerlik “İstoçnik” sanatoriyasını açmışdı.
Qeyd edək ki, Əsabil Qasımov Azərbaycanın ən böyük arqoholdinqlərindən sayılan "Karat Holding”in sahibidir. Şirkət 2006-cı ildə yaradılıb. 2010-cu ildə 79 saylı İmişli seçki dairəsindən Milli Məclisin deputatı seçildikdən sonra Əsabil Qasımov biznes imperiyasını öz yaxınlarına tapşırmışdı. Onun deputat olduğu müddətdə də holdinqə daxil olan şirkətlərin əksəriyyətində pay sahibi kimi "Karat Holding”ə ümumi nəzarəti həyata keçirdiyi bildirilirdi.
"Karat Holding"ə tikinti, qida, sənaye, turizm və ticarət sahəsində ixtisaslaşmış - "Karat" MTK, "İdeal" MMC, "İzmir" MMC (tikinti şirkətləri); "Azinvest" Tikinti Şirkəti; "Everest-M", "Şin Servis" (armatur alğı-satqısı); "Karmen" MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki "Marina Plaza" oteli; Zərifə Əliyeva küçəsində ikimərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində "Ağ Saray" Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən "Premium Market" daxildir.
Əsabil Qasımovun oğlu Elçin Qasımov 2019-cu ilin yanvarında İsveçrədə xizək sürən zaman yıxılaraq həyatını itirmişdi. Əsabil Qasımov 2020-ci ildə Milli Məclisə keçirilən növbədənkənar seçkilərinə qatılmayıb. Əvəzində 79 saylı İmişli seçki dairəsindən qızının namizədliyini irəli sürmüşdü. Amma qızı da deputat ola bilməmişdi.
"Karant Holding" bundan öncə Moskvanın cənubunda yerləşən Taqanski rayonunun Böyük Poluyaroslavk döngəsində yerləşən və "Vasili Osipoviç Krasavin və qardaşları” ticarət birliyinə məxsus binanı demontaj edirdi. Onun yerində sahəsi 11,3 min kvadrat metr olacaq apartament tipli mehmanxana tikilib.
Paralel olaraq, "Karat Holding” Moskvanın Nikoloyamskaya 11 küçəsində yerləşən "Bernikov” biznes mərkəzini 1,47 milyard rubl (21,3 milyon dollar) qarşılığında satın alıb. Rusiya paytaxtının mərkəzində yerləşən və 17 min kvadrat metr sahəni əhatə edən biznes-mərkəzinin yeni sahibi tərəfindən 200-250 nömrəlik otelə çevriləcəyi açıqlanır.
Şirkət 2017-ci ildə Kislovodsk şəhərində yerləşən "Akademiçeskiy” sanatoriyasına 25 milyon dollar sərmayə yatırıb. Holdinq Moskva vilayətində yerləşən Podolsk çörək və un məmulatları zavodunun da əsas səhmdarıdır.