Mərkəzi Bank "Principal” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 74 900 AZN olan müqavilədə Mərkəzi Bankı üçün "Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun keçirilməsi üzrə xidmətin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Principal” MMC-nin 26 oktyabr 2016-cı ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Xocalı küçəsi, ev 37-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdurahmanov Orxan Əlisəfa oğludur.
Açıq mənbələrdə "Principal” MMC barədə hər hansı məlumat yoxdur. Orxan Abdurahmanova gəlincə, o həm də "Grow Audit & Consulting” MMC-nin səhmdarı və direktorudur. Rəhbəri olduğu bu MMC Auditorlar Palatasının üzvüdür.
Mərkəzi Bankla "Principal” MMC ilə bundan əvvəl də eyni xidmət üzrə satınalma müqaviləsi imzalayıb. Bu ilin fevralında bağlanan müqavilənin maliyyə dəyəri 76 500 AZN, 2020-ci ildə bağlanan müqavilənin maliyyə dəyəri isə 90 000 AZN olub.
Maraqlıdır ki, eyni xidmət üzrə bağlanan müqavilənin maliyyə dəyəri aşağı düşüb. Bu fakt iqtisadçı ekspert Natiq Cəfərlinin də diqqətindən yayınmayıb. Bununla bağlı ekspertin fikirlərini təqdim edirik:
"Mərkəzi Bank hər il "Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” adlı sorğu keçirir. Son 3 ildə sorğunun keçirilməsi üçün elan edilən tenderin qalibi "Principal” MMC adlı eyni şirkət olur. Daha maraqlı fakt odur ki, eyni adlı, eyni iş həcmli olan sorğuya Mərkəzi Bank 2020-cu ildə 90 min, 2021-ci ildə 76 min 500 manat, 2022-ci il üçün isə dekabrın 16-da yekun vurulan tenderin qiyməti 74 min 900 manat olub.
Belə çıxır ki, ya Mərkəzi Bank xəsisləşib, ya da şirkət insafa gəlib, daha az qiymət qoyur, bunu başqa necə izah etmək olar?! İş eyni, həcm eyni, udan şirkət eyni, amma əvvəl 90 min, indi 74 min 900 manat ödənilib, hər şeyin bahalaşdığı indiki dövrdə eyni xidmətin qiyməti 2 ilə 15 min 100 manat aşağı düşüb – ucuzlaşmağı yaxşıdır e, amma bəs əvvəl niyə baha idi və nədən həmişə eyni şirkət qalib olur?!”