2022-ci ildə hansı avtomobillər daha çox satılacaq?

İQTİSADİYYAT
21:16 / 30.12.2021
1540

Ekspertlərin fikrincə, mühərrik həcmi az olan, hibrid və elektrikli avtomobillərin ölkəyə gətirilməsi, satışı üstünlük təşkil edəcək. Həmçinin onların infrastrukturunun yaradılması məsələsi də aktual olacaq.

Bu ilin noyabr ayında Azərbaycanın avtomobil bazarında oktyabr ayına nisbətən satışlarda 10 faiz azalma olub. Qlobal avtomobil bazarı da digər sahələrdə olduğu kimi pandemiyanın zərər vurduğu sahələrdəndir. "Fitch Ratings” beynəlxalq reytinq agentliyinin analitikləri isə deyir ki, qlobal avtomobil bazarında vəziyyət tələbin daha da bərpası və təchizat zənciri problemlərinin tədricən yumşaldılması fonunda yaxşılaşa bilər. Qlobal avtomobil satışlarının gələn il artacağı, lakin 2019-cu ildəki göstəricidən, təxminən 6 faiz aşağı qalacağı proqnozlaşdırılır. Bəs ekspertlər necə düşünür? 2022-ci il avtomobil bazarına nə vəd edir? Hansı avtomobillərə tələbat olacaq?

Bu barədə Kaspi qəzeti məqalə dərc edib.

"Dayanıqlı vəziyyəti imkan yaradır ki...”

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, Azərbaycana idxal olunan avtomobillərin sayında 2020-ci ilə nisbətən artım müşahidə edilib: "Düzdür, ölkəmizə idxal edilən avtomobillərin əksəriyyəti işlənmiş, ikinci əl avtomobillər olub, buna baxmayaraq, avtomobil idxalında azalma müşahidə edilməyib. Azərbaycan iqtisadiyyatının bugünkü dayanıqlı vəziyyəti imkan yaradır ki, avtomobil bazarı inkişaf etsin və artsın. 2021-ci ilin problemləri və çətinlikləri oldu. Azərbaycana idxal olunan yeni avtomobillərin, xüsusən də ekoloji təmiz avtomobillərin gətirilməsində bir az qıtlıq yaşandı. Hətta dünyanın aparıcı avtomobil şirkətlərində istehsalda azalmalar baş verdiyindən, dünya bazarına da avtomobillərin çatdırılmasında problemlər yaşandı. Həm pandemiya səbəbindən qısa fasilələrlə də olsa, istehsal prosesi dayanmışdı, həm də daşınma qiymətləri yüksəldi. Bu da avtomobillərin qiymətinə təsir elədi. Avtomobillərin qiyməti Azərbaycanda da 5 faiz artdı”.

"Komfortlu avtomobillərin qıtlığı olacaq”

Ekspert deyir ki, 2022-ci ilin fevral, mart aylarında komfortlu avtomobillərin dünya üzrə qıtlığı ola bilər. Buna səbəb isə "çip”lərin defisitidir: "Çünki avtomobil istehsalında istifadə olunan yarımkeçiricilər dediyimiz "çip”lərin defisiti yaşanır. İstehsal edən şirkətlər "çip”lərin az olduğunu bəyan ediblər. Bu səbəbdən də 2022-ci ilin birinci kvartalında yenə də komfortlu avtomobillərin dünya üzrə bir qədər defisiti yarana bilər. Lakin yaz aylarından sonra avtomobil sənayesi öz qaydasına düşəcək. Üstəlik, bu sənaye  getdikcə şaxələnir. Əvvəllər yalnız daxili yanma mühərriki ilə daha çox avtomobil istehsal olunurdusa, indi sənayeçilər bununla yanaşı, elektriklə, hidrogenlə çalışan avtomobillər də istehsal edirlər”.

Hansı avtomobillərə tələbat olacaq?

Ekspert deyir ki, ölkəmizdə ekoloji təmiz avtomobillərin ƏDV-dən azad edilməsi onu düşünməyə əsas verir ki, 2022-ci ildə vətəndaşlarımız daha çox hibrid və elektriklə çalışan avtomobillərə diqqəti yönəldəcəklər: "Eyni zamanda 2022-ci ilin əsas trendi "krossover”lər olacaq. "Krossover”lər "sedan” və yolsuzluq avtomobilinin orta seqmentidir. Hibridlə çalısan "krossover”lər daha populyar olacaq”.

"Avtomobil bazarı ajiotaj sevmir”

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev deyir ki, avtomobil bazarı digər ticarət obyektləri kimi ajiotaj sevmir: "Yəni hər hansı kampaniya, aksiya səbəbilə vətəndaşlar avtomobil alıb-satmırlar. Bu proseslər avtomobil bazarına aid deyil. Amma ümumi götürdükdə, tətbiq olunan qaydalar, qəbul olunan qərarlar, güzəştlər təsir edə bilir. Çünki burada artıq maddi vəziyyətdən, həmçinin avtomobillərin qiymətinə təsir edən amillərdən söhbət gedir. Bu amillərdən biri də hibrid və elektrikli avtomobillərə 2022-ci il yanvar ayının 1-dən tətbiq ediləcək güzəştlərlə bağlıdır. Məlumdur ki, hibrid və elektrikli avtomobillərin ölkəyə gətirilməsində və satılmasında tətbiq edilən əlavə dəyər vergisi ləğv edilir. Bu, həmçinin mühərrik həcmi 2500 kub santimetrdən az olan və istehsal ili 3 ildən az olan avtomobillərə də aiddir. Belə olan halda avtomobil parkının yenilənməsi üçün də bu addımlar atılır. Həmçinin böyük mühərrikli avtomobillərin ölkəyə gətirilməsinin qarşısı alınır. Dövlət daha qənaətli avtomobilləri istifadəyə təşviq etmək üçün addımlar atır”.

"Hibrid və elektrikli avtomobillər satılacaq”

Mütəxəssis deyir ki, statistikaya görə son bir neçə ayda avtomobil bazarında alış-satışın azaldığı bildirilsə də, buna şübhə ilə yanaşır: "Çünki bir məqam da var ki, yanvar ayından alğı-satqı da bank vasitəsi, köçürmə yolu ilə həyata keçiriləcək. Bunun vəsaitin həm təhlükəsiz şəkildə qarşı tərəfə verilməsində mühüm rolu olacaq, həm də statistikaya nəzarət mexanizmi yaranacaq. Ümumi gözlənti budur ki, 2022-ci ildə mühərrik həcmi az olan, hibrid və elektrikli avtomobillərin ölkəyə gətirilməsi, satışı daha çox üstünlük təşkil edəcək. Həmçinin onların infrastrukturunun yaradılması məsələsi gündəmə gəlir. 2022-ci ilin yanvarından etibarən ölkəyə qənaətli avtomobillərin daha çox gətiriləcəyi və istifadə olunacağı gözlənilir”.

Dünyada avtomobil satışları...

Məlumat üçün bildirək ki, "Fitch”in proqnozuna görə, Çinin 2021-ci ildə 21,8 mln., 2022-ci ildə isə 23,3 mln. minik avtomobili satacağı gözlənilir. ABŞ-da gələn il satışlar 2021-ci ildə gözlənilən 15,2 mln-dan 16,2 mln-a yüksələcək. Avropada isə 2022-ci ilin sonuna 12,8 mln, 2021-ci ildə isə 11,6 mln. avtomobil satılacaq.

0