2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 77640 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib.
HİT.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bu barədə məşğulluq sahəsində ötən ilə dair fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qeyd edilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin məşğulluq imkanlarının artırılmasının Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutduğunu vurğulayıb, aktiv məşğulluq proqramlarının genişləndirilməsinin 2022-ci ildə də əsas hədəflərdən olduğunu qeyd edib.
İclasda bildirilib ki, ötən il 16232 şəxs özünüməşğulluq proqramına cəlb olunmaqla, onların seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təminatı işləri aparılıb. Bu da proqramın icrasına başlandığı 2017-ci ilə nisbətən 13,6 dəfə çoxdur.
Həmçinin Nazirlik və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi iştirakçılarının aktivlərlə təminatına da artıq başlanıb. Bu layihə özünüməşğulluq proqramının daha da genişlənməsinə mühüm dəstək olaraq, 22 min işsiz şəxsin özünüməşğulluq formasında kiçik biznes qurmasına dəstək olacaq.
2021-ci ildə Dövlət Məşğulluq Agentliyi tərəfindən əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına 491 nəfər, peşə hazırlığı kurslarına 988 nəfər, peşəyönümü məsləhət xidmətlərinə 1886 nəfər cəlb olunub. 3734 nəfərə isə işsizlikdən sığorta ödənişi verilib.
Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinin, müharibə əlilləri və iştirakçılarının, erməni terrorundan zərər çəkən mülki şəxslərin, onların ailə üzvlərinin məşğulluğuna dəstək işləri də qeyd edilib. Postmüharibə dövründə bu kateqoriyalara aid 10 minədək şəxsin məşğulluğuna dəstək göstərildiyi, o cümlədən 6 minədək şəxsin özünüməşğulluq proqramına cəlb edildiyi, 4 minədək şəxsin işlə təmin olunduğu diqqətə çatdırılıb.
Bu günlərdə Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzinin ISO beynəlxalq sertifikatı aldığı və ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsi olduğu qeyd edilib, artıq yaxın vaxtlarda bu standart üzrə peşə hazırlığının təşkil ediləcəyi bildirilib.
İclasda əsas prioritetlərdən biri kimi məşğulluq xidmətlərinin rəqəmsal platformasının qurulması və keyfiyyətinin artırılması, aktiv məşğulluq proqramlarının daha da genişləndirilməsi sahəsində görülmüş işlərdən, 2022-ci ildə Dövlət Məşğulluq Agentliyi qarşısında duran vəzifələrdən də bəhs olunub.