Tailandda yaşayan Azərbaycan əsilli iş adamı Gündüz Qasımlını bizə tanıdan pandemiya dönəmində xeyirxah addımı oldu. Bu yaxınlarda Tailandın beynəlxalq hava limanlarından çıxışı mümkün olmayan 20-dən çox azərbaycanlını otelə yerləşdirən və bütün xərclərini öz üzərinə götürən iş adamı Gündüz Qasımlının xeyirxah addımı cəmiyyətdə çox yaxşı reaksiya yaratdı.
Məşhur şərq ölkəsinə təqrbən 7 il əvvəl köçən G.Qasımov artıq özünə biznes qurmağı bacarıb.
İş adamı FED.az-a müsahibəsində, özü və biznesi ilə yanaşı, azərbaycanlalıran o qədər də çox olmadığı Tailanddakı biznes mühit, buradakı maraqlı məqamlar və iş qurmaq qaydaları barədə danışıb. Həmyerlimizin müsahibəsində xaricdə biznes qurmaq istəyən iş adamları üçün oluqca faydalı məqamları var.
- Gündüz müəllim, əvvəlcə öünüz haqqında məlumat verərdiniz.
- 1971-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunda doğulmuşam. Orta məktəbə Ermənistanda başlasam da, Rusiyanın Volqaqrad şəhərində bitirmişəm. Ali təhsilimi isə Türkiyənin Konya şəhərində yerləşən Səlcuq Universitetində mühasibat uçotu və audit ixtisası üzrə almışam.
- Türkiyədə təhsil alanların bir hissəsi elə orada qalıb işləyir, bəs necə oldu ki, siz Tailandı seçdiniz?
- Universiteti bitirdikdən sonra Antaliyada turizm şirkətlərinin birində işlədim. Rus dilini bildiyim üçün daha sonra Rusiyanın turizm şirkətlərinin birində - «Natali tur»də işə başladım. Elə oldu ki, həmin şirkəti məni əvvəlcə Dubaya işləməyə göndərdi. Bir il sonra, yəni 2008-ci ildə şirkət məni əməkdaşı olaraq Tailanda işləməyə göndərdi. 12-ilə yaxındır ki, Tailandın Puket şəhərində yaşayıram və burada öz işimi açdım.
- Şirkətdə, hansı ki, sizi Tailanda göndərmişdi, işləyib maaş alırdınız, yəni daha rahat vəziyyətdə idiniz. Belə vəziyyətdə öz işinizi açmaq risk etmək deyildimi?
- Əslində mən onsuz da çoxdan öz işimi açmaq barədə düşünürdüm, amma işlədiyim və yaxşı da qazandığım üçün buna cürət eləmirdim. Amma 2013-cü ildə Rusiyada devalvasiya baş verdi, bundan sonra şirkətin işləri çətinləşdi və «Natali tur» batdı. 2014-də şirkət fəaliyyətini dayandırdı, 2015-də isə mən öz işimi qurdum. Burada otelçilik işi çox əlverişlidir. Bu da burada qalmağımın ən böyük səbəblərindən biri oldu.
- Tailand məşhur turizm ölkəsidir, burada turizm biznesi kənardan göründüyü kimi sərfəlidirmi?
- Tailandın turizmdəki ən böyük üstünlüyü 12 ay turistlərin olmasıdır. Digər tərəfdən, xarici ölkələrdən gələn vətəndaşların iş qurması üçün çox asan şərtləri var. Doğrudur, Türkiyədə işin necə açılacağını bilirəm, amma orada müəyyən çətinliklər var. Məsələn, Türkiyədə turizm 6 aydan yuxarı deyil. Bu cəhət Tailandı Türkiyədən çox üstün edir. Dubayda da iş qurmaq asandır, amma orada çox böyük vəsait tələb olunur.
- Biznesiniz şəriklidir, yoxsa tək işlədirsiz?
- Bəli, şərikli biznes sayılır. İş ortağım rusiyalı iş adamıdır. Otellərimiz “Azure Bangla Phuket” və “Azure Phuket Hotel” üç ulduzludur. “Azure” mavi deməkdir, “Bangla” məhəllənin adıdır.
- Azərbaycanla əlaqələriniz varmı?
- Bəli, Azərbaycanla əlaqəm var. Bakıda mənim evim də var.
- Ailəniz də Tailandda yaşayır? Onlar nə işlə məşğul olur?
- Ailəliyəm, iki oğlum, bir qızım var. Böyük oğlum Amerikada ali təhsil alır. Pandemiya ilə əlaqədar xarici ölkə vətəndaşları öz ölkələrinə yola salındı. Oğlum Amerikadan Tailanda gələ bilmədi, hazırda Bakıda nənəsi ilə qalır. Həyat yoldaşım və iki övladım isə mənimlə bərabər Tailandda yaşayır. Uşaqlarım burada orta məktəbdə oxuyurlar. Həyat yoldaşım azərbaycanlıdır, mənimlə bərabər işləyir. Uşaqlarım kiçik yaşlarından burda olduqları üçün Tailanda uyğunlaşmaları çətin olmadı.
- Gündüz Qasımlını pandemiya dönəmində Tailanda olan soydaşlarımıza kömək əlini uzadan Azərbaycan əsilli iş adamı kimi tanıdıq. Koronavirus səbəbindən beynəlxalq uçuşlar dayandırılandan sonra 20 nəfərə yaxın azərbaycanlını öz otelinizdə günlərcə saxladınız. Necə xəbər tutdunuz ki, onlar hava limanında qalıblar?
- Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev ilə mənim həmişə sıx əlaqələrim olub, xəbəri də ondan aldım. Burada istirahət etməyə gələnlərin kimisi hava limanında, kimisi də oteldə qalmışdı. Onları Rusiya qəbul etmirdi. Müvəqqəti olaraq bir yerdə qalmaları lazım idi. Mən də onlara kömək etdim. Özüm təklif etdim ki, bizim oteldə qala bilərlər. Kimisi 3 gün, kimisi 5 gün qaldı. Onların bir qismi Londondan, bir hissəsi Dohadan, bir hissəsi də Dubay üzərindən uçdular. Hələ də otelimizdə 3-4 nəfər qalıb, gedə bilməyiblər.
- Deməli, hələ də otelinizdə qalan azərbaycanlılar var?
- Bəli, hələ də otelimizdə azərbaycanlılar qalırlar. İnşaallah iyun ayında uçuşlar bərpa olununda gedəcəklər.
- Ümumiyyətlə, Tailanda azərbaycanlı turistlər çox gəlirmi?
- Bəli, Azərbaycandan turistlər gəlir. Doğrudur, Azərbaycandan birbaşa təyyarə reysləri olmadığı üçün Bakıdan bilet alanlar əsasən Rusiya, Doha və ya Dubay üzərindən gələ bilirlər. Tailanda Rusiyada yaşayan azərbaycanlılar daha çox gəlir. Sayını dəqiq deyə bilmərəm. Bir neçə dəfə Tailandın Turizm Nazirliyindən gələn azərbaycanlıların sayını öyrənməyə çalışmışam, amma onlar elə bir statistika vermədilər. Amma məncə, il ərzində 10-15 min azərbaycanlı Tailanda turist kim səfər edir.
- Gündüz müəllim, azərbaycanlı turistləri Tailandda təəccübləndirən nələr olur?
- Bura tropik ölkə olduğu üçün təbiətini ilk görən hər kəsi çox təəccübləndirir. Burada heyvanlar aləmi çox zəngindir. Məsələn, taylılar filləri çox yaxşı bəsləyib baxırlar, burada meymunlar, ilanlar və müxtəlif rəngli, parlaq quşlar yaşayır. Burada adalar var ki, oranın təbiəti hər kəsi valeh edir. Ümumiyyətlə, su aləmi çox gözəldir. Tailandda gəzib görməli çox gözəl yerlər var.
- Turistlər üçün Tailandı qiymət baxımınan əlverişli ölkə hesab etmək olarmı?
- Devalvasiyaya qədər Tailand Azərbaycana görə nisbətən daha ucuz ölkə sayılırdı. Amma devalvasiyadan sonra Tailand Azərbaycandan, Rusiyadan, hətta Türkiyədən də çox daha baha ölkə sayılır.
- Azərbaycanlı müştərilər adətən dəbdəbə xoşlayır, bəs tailandlılar necədir? Ən çox nə xoşlayırlarlar?
- Mən həmişə bizim millətlə quru duymuşam və qürur duyuram. Bəli, bizim millət arasında dəbdəbəni sevənlər də var, sadəliyi sevənlər də. Otelimiz üç ulduzlu olduğu üçün bizə daha çox sadə azərbaycanlılar gəlir. Biz özünü bilən xalqıq. Taylılar dəbdəbəni, geyinib-qurşanmağı sevən bir millət deyil, çox sadə geyinirlər. Bəlkə də bir az gülməli görünəcək, amma taylılar ən çox yeməyi sevirlər, bir gündə bəlkə də 10 dəfə yemək yeyirlər. Bunların özünəməxsus yeməkləri var, bəlkə də az yeyirlər ona görə tez-tez yeyirlər. Bir gündə biz 3-4 dəfə yemək yeyiriksə, taylılar bir gündə 6-10 dəfə yeyir.
- Yeri gəlmişkən, Türkiyədə turizmdə «hər şey daxil» sistemi var – Tailandda necə, varmı?
- Tailandda «hər şey daxil» sistemi yoxdur. Birincisi infrastruktur Türkiyədəki kimi deyil. Burada restoran biznesi həddən artıq çoxdur və qiyməti də çox ucuzdur. Əlbəttə, ola bilər ki, «hər şey daxil sistemi» turistlər üçün sərfəli ola bilərdi, sadəcə bura gələn turistlərin 60%-i çinlilərdir. Onlar üçün əsas məsələ qiymətdir, «hər şey daxil» sistemi isə qiyməti artırır. Əvəzində gündə cəmi 5-6 dollar xərcləməklə gündə iki dəfə Tay mətbəxi ilə qidalanmaq olar, beynəlxalq mətbəx üçün nisbətən daha artıq məbləğ xərcləmək lazımdır. Həm də Tailanda insanlar daha çox turlar, gəzmək üçün gəlir, çinli turistlər də gəzməyə gəlirlər və praktiki olaraq oteldə olmurlar, səhər çıxıb axşam gəlirlər, yalnız səhər yeməyi yeyirlər.
- Tailandlı işçilər azərbaycanlı işçilərdən nə ilə fərqlənir?
- Fərq çox böyükdür, deyərdim ki, bir-birinin tam əksi olan iki xalqdır. Azərbaycanlılar daha çox işləkdirlər, yəni şərait olsa, bizim millət daha yaxşı işləyə bilər. Tailandlılar isə işləməyi o qədər də sevən millət deyillər, bəlkə də bu təbiətdəndir - burada 12 ay boyu havanın temperaturu 35 dərəcə isti olur, nə artır, nə azalır Taylıların bir söz var, “sabay-sabay”, yəni hər şey yavaş-yavaş...
- Gündüz müəllim, yavaş-yavaş gəldik biznes məsələlərinin üstünə. Ümumiyyətlə, Tailandda iş qurmaq, biznes açmaq üçün əlverişli sahələr hansılardır və işə başlamaq üçün minimum nə qədər vəsait tələb olunur?
- Tailandın özünəməxsus qanunları var və bunlara əsasən xaricilər heç də bütün sahələrdə biznes qura bilməzlər, məhdudiyyət var. Məsələn, kənd təsərüfatı. Əvəzində ən böyük biznesi turizmdə – otel, restoran, yerli turlar sahəsində və yüksək texnologiyalarda qurmaq olar. Bu sahələr gəlirlidir. Tailandda oteli satın almaq və ya kirayələyib biznesə başlamaq da mümkündür. Kiçik otellərin qiyməti 3-10 milyon dollar, böyük otellərin 100 milyon dollara çatır. Restoran və tur şirkətləri qurmaq üçün isə böyük pul lazım deyil, 50-100 min dollara işə başlamaq olar. Burada xaricdən gəlib iş quranlar çoxdur, onlardan uğur qazananlar da işi batıranlar da olub, yəni insanın özündən də çox şey asılıdır.
- Tailandda biznes sahibləri üçün əsas problem, çətinlik nədə olur? İş adamları əsas hansı məsələni diqqətdə saxlamalı olurlar?
- Əslində çətinlik deyə bir şey yoxdur. Əgər işinizi düzgün qursanız və strategiya düz olsa heç bir çətinlik yoxdur. Dövlət tərəfindən heç bir çətinlik törədilmir, dövlət həmişə biznesi dəstəkləyir, yəni burada şirkət açıb iş qurmaq bir çox ölkədən daha asandır. Amma yerli xalqla ünsiyyəti də yaxşı qurmalısan, çünki taylılar biz az özünəməxsus millətdir və onlarla düzgün əlaqə qurmasanız sizə həmişə mane olacaq, işləməyə imkan verməyəcəklər. Amma ünsiyətdə yaxşı olsanız sizə kömək edəcəklər. Onlar da bir az əvvəl qeyd etdiym kimi, cəld hərəkət etməyi, çox işləməyi sevmirlər, özlərini çox sevirlər və hesab edirlər ki, Tailandda işləyirsinizsə, onlara borclusunuz, bəlkə də bu doğrudur.
- Gündüz müəllim, işləməyə mane olurlar, deyəndə nəyi nəzərdə tutursunuz? Söhbət yerli mafiya və ya hansısa kriminal qruplardan gedir? Çünki filmlərdə şərq ölkələrində yerli kriminalların biznesə təsiri tez-tez vurğulanır.
- Xeyr, mafiya barədə deyilənlər boş söhbətkərdir, mən burada 12 ildən bir qədər artıqdır işləyirəm, yaşayıram və burada mafiya filan görməmişəm. Türklərdə belə bir söz var – insan istəsə mövlasını da bulur, bəlasını da. Amma mən burada belə hallar görməmişəm. Mane olmaq deyəndə sizin biznesə hansısa xırda hərəkətlərlə çətinlik yaratmağı nəzərdə tuturam. Məsələn, sizin şəklinizi çəkib dövlət orqanlarına ötürə bilərlər, şirkətdə edilən söhbətləri gedib vergi orqanlarına deyə bilərlər. Doğrudur, vergidən yayınmaq onsuz da mümkün deyil, amma çalışa bilərlər ki, sizə həmişə necəsə mane olsunlar. Eləsi var ki, yerli işçilərin arasında liderdir və bütün işçiləri öyrədib işə çıxartmırlar. Yəni belə xırda məsələlərlə zərər vurmağa çalışırlar. Amma vaxtında tədbir görməklə bunun qarşısını almaq olar.
- Koronavirus pandemiyası zamanı , yəqin sizin otelinizdə də turist olmadı, Azərbaycanda buna görə otellərə dövlət dəstəyi verildi, bəs Tailandda necə, hökumət buna görə dəstək verirmi?
- Doğrudan da, dediyiniz kimi, burada turist tamamilə yoxdur, koronavirusa görə bu qadağan olunub, ölkəyə gələnlər də yoxdur, olsa da otelə götürə bilməzsən, qadağandır. Bu vəziyyətə biznesə dəstək işçilərin maaaşı barədə oldu, yəni sentyabr ayınadək biz işçilərə maaş verməyi dayandırdıq, dövlət bu maaşın 70%-ni verməyi öz üstünə götürdü. Bundan başqa, krediti olanların da krelit ödənişlərini 6 aylıq müddətə dondurdular, kredit istəyən olanda da verirlər. Amma bu daha çox yerli vətəndaşlar üçün asandır, xaricilər üçün çətindir.
- Ümumiyyətlə Tailandda banklardan biznes krediti götürmək asandırmı, və bu kreditlərin şərtləri, faizləri necə olur?
- Birincisi xarici vətəndaşlar üçün kredit demək olar ki, yoxdur, əslində kredit var, onun vasitəsilə ev və ya maşın ala bilərsiniz. Amma kreditlə iş qura bilməzsiniz, bu yalnız yerli vətəndaşlar üçün keçərlidir. Yerli vətəndaşlara kredit verirlər. Məsələn, tutaq ki, torpağınız var və otel tikmək istyirsiniz, o otelin tikintisinə kredit ayırırlar. Belə kreditlər 30-40 illik müddətə ayrılır, kreditlərin illik dərəcəsi 3% ətrafındadır. Amma biznes kreditlərin illik 1,8%-2,2% olduğunun şahidi olmuşam. Özəl banklarda bu faizlər 3%-ə yüksələ bilər. Mən aylıq deyil, illik faizləri nəzərdə tuturam.
- Bəs burada vergi dərəcələri nə qədərdir, biznesin vergiləri yüksəkdirmi?
- Vergilər iki formadadır – sadələşdirilmiş vergi və bildiyimiz mühasibat üzərindən hesablanan gəlir vergisi. Burada ƏDV 7%-dir, bütün biznes sahələrində, bundan başqa gəlir vergisi 10-15%-dir, bu da sahədən və dövriyyədən asılıdır.
Sadələşdirilmiş vergidən ƏDV yoxdur. Qalan bizneslərdə, vergi biznesin dövriyyəsindən asılıdır. Məsələn biznesin təsis kapialı 2 milyon bat və ya 70 min dollardırsa, o 7%-də ƏDV-yə cəlb olunur.
- Gündüz müəllim, xaricdə biznes qurmaq istəyən azərbaycanlı iş adamı sizdən məsləhət istəsə, Tailandı məsləhət görürsinizmi? Nə səbəbə və əgər məsləhət görsəniz, hansı sahələri deyirsiniz?
- Əlbəttə ki, mən burada iş qurmağı məsləhət görərdim və inanın ki, azərbayğanlılar üçün burada iş qurmaq çox daha asan olar, çünki bizim millət işi sevən, iş görən, bacarıqlı millətdir, taylar kimi bir qədər tənbəl deyil. Yəni azərbayğanlılar burada iş görüb, böyük işlər görüb pul qazana bilərlər. Mən çox istərdim ki, bizim millətdən gəlib burada iş qursunlar. Hətta özüm belə bu məsələdə onlara kömək edərdim.
- Tailanda gələn azərbaycanlı turistlərdən heç tailandda iş qurmaq barədə düşünən, sizdən bu çarədə məsləhət istəyən olubmu?
- Gələn turistlər arasında əlbəttə, Tailandda biznes qurmaq barədə soruşanlar çox olur, hətta restoran biznesi quran da olub, amma soruşandan sonra ciddiyyətlə gəlib hər hansı biznes açan olmayıb. Turistlərin arasında daha çox burada iş tapmaq imkanı barədə maraqlananlar olur.
- Azərbaycanda imkanı olan, əlində kapitalı olan bəzi şəxslər xaricdə də biznes qurmağa can atırlar amma həmin ölkələri tanıyan, yerli qanunlardan xəbərdar oan partnyorlar axtarırlar. Sizə Tailandda şərikli biznes qurmaq üün təklifləri olubmu? Sizin belə təkliflərə cavabınız necə olub?
- Əslində bu barədə mənə başqa millətlərən daha çox təkliflər gəlir, məsələn, Hindistan, Pakistan. Onlar buralarda çox iş qururlar. Onlarla hətta bir dəfə iş qurmuşam da. Hələlik Azərbaycandan belə təklif yoxdur. Bu da təbiidir, çünki ola bilər mənim burada olduğumu, azərbaycanlının burada biznesinini olduğunu bilmirlər.
Ggər belə təklif gəlsə, danışmaq olar, və öz millətimlə biznes və ya ortaqlıq qurmaq mənə şərəf olardı. Buradakı bütün biznes mühitini çox yaxşı bilirəm, hansı yerlərə pul qoymaq barədə tövsiyə verə bilərəm. Amma yalnız öz sahəm, yəni turizm üzrə. Başqa sahələr, tutaq ki, proqramçılıq, kompüterlik sahəsi - burada dövlət böyük dəstək verir, hətta ilk 5 ildə gəlir vergisindən belə azaddırlar. Amma mənim bu sahələr barədə məlumatım olmadığına görə, bu barərədə məsləhət verə bilmərəm.
- Şərq ölkələrində biznes sahəsində yazılmamış qanunar olur, məsələn şifahi vədlər və sair. Tailandda necədir, burada şifahi danışıq, vədlər qəbul olunurmu, yoxsa bütün razılaşmaları hökmən müqavilə ilə rəsmiləşdirmək lazımdır?
- Əlbəttə, ilk növbədə hər şeyi müqavilə əsasında etmək lazımdır, amma həqiqətən söz danışmaq da çox önəmlidir. Mən biznesdə bunun çox şahidi olmuşam - sözlərinin üstündə dururlar. Amma əgər sizin taylı işçiləriniz varsa, yaxşısı budur, onlarla hökmən yazılı bir müqaviləniz olsun. Çünki hər hansı konfliktdə anında şikayət edirlər və həmin vaxt bunlarda çox ölkədəki kimi birinci işçiyə önəm verirlər. Yəni hər hansı konflikt vəziyyətində işçi daha üstün tutulur, işverəni isə günahkar sayıb cərimələyirlər. Amma əlinizdə müqavilə varsa, sizə heç nə edə bilməzlər.