Son günlər sosial şəbəkələrdə dolların manata nisbətdə bahalaşmasına dair xəbərlər yayılıb. Həmin xəbərlərdə iddia olunur ki, qeyri-iş günlərində banklar bağlı olduğundan vətəndaşlar 1 dolları “qara bazar”dan 2 manata alıb.
Məsələ ilə bağlı Gununsesi.info-ya danışan millət vəkili Naqif Həmzəyev təşvişə lüzum olmadığını deyib: “Təəsüflər olsun ki, sosial şəbəkələrdə bəzi təxribata meyilli insanlar tərəfindən dolların məzənnəsinin qalxması ilə bağlı yanlış informasi yayılıb. Onların məqsədi dolların qalxması üzərindən manipulyasiya etmək və insanları çaşdırmaqdır.Rəsmi qurumlar və Mərkəzi Bank tərəfindən verilən açıqlamalarda da göründüyü kimi dolların qalxması 2022-ci ildə gözlənilmir. Bütün proseslər tam nəzaratdə saxlanılır. Satışa çıxarılan dolların yarısı satılmır, bu da onu deməyə imkan verir ki, Azərbaycanda dolların qalxma ehtimalı yoxdur və kurs olduğu kimi saxlanılacaqdır”.
İnsanları bu cür məlumatlara inanmamağa çağıran deputat əlavə edib ki, “qara bazar”da dolların baha satılması bayram günləri ilə bağlı olub: “Sosial şəbəkələrdə yayılan yanlış məlumatlarla bağlı vətəndaşlara da demək istəyirəm ki, qətiyyən təxribat xarakterli məlumatlara inanmasınlar. Bayram günlərindən istifadə edərək dolları baha satan dəllaların təxribatına uymasınlar. Ötən ildə də belə bir hal yaşandı. Polis orqanları bu cür fürsətcil şəxsləri məsuliyyətə cəlb etdi. Rəsmi olaraq bu gün banklarda dolların qiyməti stabil olaraq qalıb və vətəndaşlar istədiyi qədər dolları alış-veriş edə bilər”.