“Volvo Cars” 2022-ci ilin ilk ayının satış rəqəmlərini açıqlayıb. Yanvar ayında ümumi olaraq, 47 561 avtomobil satılmışdır ki, bunun 31.7%-i elektrikli avtomobillərin payına düşür. Ümumi satış rəqəmi isə, keçən ilin müvafiq dövrü ilə müqayisədə 20.2% azalmışdır. Şirkətdən verilən məlumata görə, istehsal xətti tam gücü ilə davam etsə də, satış payının azalma səbəbi pandemiya ilə əlaqədar olaraq, logistikanın öhdəliyinə düşür.
Lakin elektrik mühərrikli avtomobillərin satışı keçən ilin müvafiq dövrünə nisbətdə - Recharge modelləri 11.7% artmaqla, ümumi satışın 31.7%-ni təşkil etmişdir.
Ən böyük azalma Avropa zonasına aid olmuşdur ki, burada keçən ilin yanvar ayı ilə müqayisədə 24.8% azalma müşahidə edilmişdir. Buna baxmayaraq, Avropada satılan avtomobillərin 53.1%-i elektrik mühərrikli avtomobillərin payına düşür.
XC60 modeli yenə də satışda liderdir. Belə ki, 2022-ci ilin yanvar ayında 14 516 ədəd XC60, 12 286 ədəd XC40 və 7 243 ədəd XC90 modelinin satışı reallaşdırılmışdır.
Elektrikli avtomobillərin Azərbaycan bazarında durumu ilə bağlı “Volvo Cars”-ın Azərbaycan nümayəndəliyi ilə əlaqə saxladıq. Şirkətin marketinq rəhbəri Qabil Quliyevin verdiyi məlumata əsasən, hazırda Azərbaycan bazarında Volvo-nun plug-in hibrid və yumşaq hibrid avtomobilləri satılır. Elektrikli avtomobillərin Azərbaycana gətirilməsi may ayına nəzərdə tutulub.
“Əslində tam elektrikli Volvo modellərini Azərbaycana hələ keçən ildən gətirməyi nəzərdə tuturduq. Lakin Volvo Cars-ın göndərdiyi raportda ölkə üzrə şarj infrastrukturunun hazır olmaması səbəbindən çatdırılmanı bu ilə saxlamağı bir qədər planlarımızı pozdu. Amma tam əminliklə deyə bilərəm ki, bu tip mühərrikli avtomobillərə vergi güzəştlərinin tətbiq olunması, qiymətlərin xeyli aşağı düşməsinə gətirib çıxarıb ki, bu da öz növbəsində müştərilərin xeyli marağına səbəb olub” – deyə şirkət rəsmisi bildirdi.
Qeyd edək ki, “Volvo Cars” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi “Scandinavian Auto” QSC-dir.