Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, bp və tərəfdaşlarının dəstəyi ilə "Pellet məhsulları ilə Azərbaycanın orta məktəblərinin isidilməsi" layihəsi həyata keçirilir. Layihə Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən icra edilir.
Layihə ilə bağlı Sfera.az-a danışan Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev bildirdi ki, "Bu layihə Azərbaycanda təbii qaz və ya digər alternativ istilik sistemləri ilə təchiz olunmamış məktəblərin pellet yanacağı vasitəsi ilə qızdırılmasını nəzərdə tutur. Pellet yanacağı ağac və taxta tullantılarının təkrar emalı nəticəsində əldə olunan ekoloji təmiz, təbiət dostu bir enerji mənbəyidir.
Layihə çərçivəsində Azərbaycanın Tovuz və Ağstafa rayonunda seçilmiş 5 orta məktəbin, ümumilikdə 6 korpusunda pellet yanacağı ilə işləyən isitmə sistemi quraşdırılıb və bu qış mövsümündə məktəblərin isidilməsi təmin edilib”.
O xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2030-cu il üçün müəyyən etdiyi beş hədəfdən biri də Azərbaycanın təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsidir:
"Bu proqramın əsas müddəalarından olan yaşıl artım Azərbaycanda ekoloji təmiz enerji mənbələrinin geniş istifadəsini, meşələrin və yaşıllıqların qorunmasını, artırılmasını vacib edir.
Bu gün planetimizdə ətraf mühitin qorunması və yaşıl həyat dedikdə ilk ortaya çıxan məsələlərdən biri də ekoloji təmiz və bərpa oluna bilən enerji mənbələrindən istifadə edilməsidir. Bu baxımdan təklif olunan layihənin icrası benefisiar icmalarda olan məktəblərdə istilik probleminin həlli ilə yanaşı Azərbaycanda bərpa oluna bilən, ekoloji təmiz enerji mənbələrinin yaradılması və geniş istifadəsinə də təkan verəcəkdir”.
Saytımızın əməkdaşı layihənin icra edildiyi regiona səfər zamanı layihənin uğurla davam etdiyinə şahid olub. Belə ki, müxbirimiz Tovuz rayonunun Çobansığnaq, Sarıtala, Kirən kənd məktəblərində, Əlimərdanlı kənd məktəbinin köhnə və yeni korpusunda, eyni zamanda Ağstafa rayonu Köçəsgər kənd məktəblərinin sinif otaqlarında pellet yanacağı ilə çalışan xüsusi sobaların quraşdırıldığını, hazırda məktəblərdə fasiləsiz olaraq yanacaq təminatının həyata keçirildiyini müşahidə edib.
Bundan əlavə, layihə çərçivəsində Tovuz rayonunun Kirən kəndində orta məktəbin dam örtüyü əsaslı təmir olunub, sinif otaqlarında təmir işləri aparılıb. Həmçinin rayonun Çobansığnaq kənd orta məktəbinin də sinif otaqlarında əsaslı təmir işləri həyata keçirilib.