Bakıda mənzillərin bahalaşması bahalı mənzillərin qiymətinə də təsirini göstərir.
"VECON CONSULTING" qiymətləndirmə şirkətindən HİT.az-a verilən məlumata görə, son 2 il ərzində Bakıda ən bahalı mənzilləri olan 10 yaşayış kompleksinin əksəriyyətində qiymətlər artıb. Söhbət kvadratmetrinin qiyməti 4 min manatdan başlayan yaşayış komplekslərindən gedir.
Bu dövrdə ən böyük qiymət artımı Bakının Nərimanov rayonunda yerləşən iki məşhur kompleksdə – «Roseville»də (qiymət artımı 27%) və «Şəhər bağları»nda (23,3%), eləcə də «8 Noyabr» prospektində yerləşən «Azure Residence» kompleksində (23%) qeydə alınıb.
Bir kompleksdə – «Gumush Residence»də isə qiymətlər son iki ildə 10% azalıb.
Hazırda Bakıda ən bahalı mənzillər olan yaşayış kompleksi şəhərin mərkəzində yerləşən «Hilton» hotelindədir, hotelin bir hissəsi rezidensiya kimi istifadə olunur, yəni yaşayış mənzilləridir. Buradakı mənzillərin 1 kvadratmetri üçün qiymətlər 7000 manatdan başlayır. Qiymətlərin yüksəkliyinə görə, sonrakı yeri «Port Baku» yaşayış kompleksi tutur – 6000 manat.
Üzeyiir Hacıbəyov küçəsindəki «Azinko» (Ferrari) yaşayış kompleksində və «Azure Residence»də isə qiymətlər 4000 manatdan başlayır
Siyahıda mənzil qiymətlərinin ən aşağı olduğu kompleks « Tac Residence »dir. Zərifə Əliyeva küçəsindəki kompleksdə qiymətlər kvadratmetr üçün 3700 manatdan başlayır.