Gəncə şəhərinin iki rayonunun ləğv edilməsi ilə bağlı qanun layihəsi bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Yeni qanun layihəsi barədə məlumat verən komitənin üzvü, millət vəkili Aqil Məmmədov bildirib ki, Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir. Dəyişiklikdə məqsəd regional idarəetmə modelinin təkmilləşdirilməsidir.
Yeni layihədə Gəncə və ləğvi nəzərdə tutulan rayonlardakı bələdiyələrin uyğunlaşdırılması da nəzərdə tutulub. Gəncədə fəaliyyət göstərən 3 bələdiyyənin ərazi vahidlərinə də yenidən baxılır.
Millət vəkili deyib ki, regionlarda idarəetmə orqanlarında aparılan islahatlar bununla yekunlaşmayacaq. Paytaxt Bakının da ərazilərinin inzibati idarəedilməsində dəyşikliklər ola bilər.
Aparılan islahatların başlıca məqsədlərindən biri də regionların iqtisadi inkişafının artırılmasına nail olmaqdır.
Müzakirələrdən sonra yeni qanun layihəsi plenar iclasa tövsiyə edilib.