"Son beş ildə aqrar sahədə məhsul artımının təxminən 25 faiz təşkil edib".
Qaynarinfo xəbər verir ki, bunu Milli aqrar sahə ilə bağlı dinləmədə kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Nazir kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikasının 2021-ci ildə də davam etdiyini, ümumi istehsal həcmində 3,4 faizlik artım qeydə alındığını açıqlayıb.
Keçən il taxılçılıq, pambıqçılıq və digər önəmli sahələrdə məhsuldarlığa diqqət çəkən nazir ölkəmizin kənd təsərrüfatı məhsullarının ixracı, bir çox məhsullar üzrə özünütəminetmədə müsbət dinamikanı göstərən rəqəmləri səsləndirib.
O, ərzaq təhlükəsizliyinin təmini sahəsində Kənd təsərrüfatı Nazirliyinin üzərinə düşən vəzifələrdən, bu istiqamətdə görülən işlərdən danışıb. Aqrar sahədə tətbiq olunan yeniliklərdən, institusional islahatlardan bəhs edən nazir Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması, texnika və damazlıq heyvan satışı bazarının artıq tam liberallaşması, bazar iqtisadiyyatı tələblərinə uyğun aqrar sığorta sisteminin tətbiqi barədə məlumat verib.
Aqrar sahədə müasir dövrün çağırışlarına uyğun dayanıqlı inkişaf mexanizmləri formalaşdırmağın, iqlim dəyişikliklərinə adaptasiya strategiyasını tətbiq etməyin əsas vəzifələrdən olduğunu qeyd edən nazir mövcud olan məhdud torpaq və su resurslarından səmərəli istifadənin aktuallığını xüsusi vurğulayıb.