Kənd yerlərinin inkişafı və milli aqroturizm sisteminin yaradılması mövzusunda seminar - FOTO

12:58 / 17.02.2022
1170

Bu gün Bakıda “Kənd təsərrüfatına göstərilən dövlət yardımının səmərəliliyini və effektivliyini artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin potensialının artırılması” tvinninq layihəsi çərçivəsində “Azərbaycanda kənd yerlərinin inkişafı və milli aqroturizm sisteminin yaradılması” mövzusunda seminar keçirilib. Seminarın məqsədi ölkədə aqroturizmin inkişaf potensialı, bu istiqamətdə gələcəkdə icrası nəzərdə tutulan işlər barədə birgə fikir mübadiləsi aparmaqdır.

HİT.az xəbər verir ki, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, kənd turizmi Azərbaycanda qeyri-neft sektorunun inkişafı baxımından böyük potensiala malik olan sahələrdən sayılır. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi islahatlar həyata keçirilir. Bu islahatlar nəticəsində aqrar sahə dinamik inkişaf edir.

Kənd təsərrüfatının inkişafı təkcə elm, təhsil, məşğulluq, innovasiya, ticarət sahələrinin deyil, turizmin də inkişafına təkan verir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bir neçə ildir həyata keçirilən “Şəhərdən kəndə” aqroturizm layihəsi çərçivəsində bölgələrdə onlarla aqroekoturizm obyektinin yaradılmasına dəstək verilib. Hazırda Qax, Şəki, İsmayıllı, Balakən, Lənkəran və digər rayonlarda müasir tələblərə cavab verən aqroturizm obyektləri fəaliyyət göstərir. Qeyd olunub ki, aqroturizmin daha da inkişaf etdirilməsi regionlarda məşğulluq səviyyəsinin artmasına, təsərrüfat sahiblərinin gəlirlərinin çoxalmasına müsbət təsir göstərəcək.

Aqroturizm həm də fermerlər üçün əsaslı investisiya tələb etməyən, onlar üçün yeni gəlir mənbəyi formalaşdırmağa imkan verən sahədir. Bu səbəbdən Azərbaycanda fəaliyyət göstərən nümunəvi fermer təsərrüfatları həm də turizm təklifləri etməklə aqroturizmin daha da canlanmasına öz töhfələrini verirlər.  

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko kənd təsərrüfatını Azərbycan iqtisadiyyatının inkişafının əsas sahələrindən biri adlandırıb. O, Avropa İttifaqının Azərbaycanda aqroturizmin inkişafı istiqamətində davamlı dəstək göstəriləcəyini vurğulayıb. Peter Mixalko turizmin bu sahəsinin inkişafının təsərrüfatların gəlirlərinin şaxələndirilməsinə, aqroturizm xidmətlərinin təkmilləşdirilməsinə gətirib çıxaracağına əmin olduğunu deyib.  

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov isə bildirib ki, ölkəmizdə aqroturizm geniş potensiala malikdir. Qarabağa böyük qayıdış, "Ağıllı kənd" layihələri və “Ağıllı kənd təsərrüfatı” konsepsiyasının reallaşdırılması yaxın gələcəkdə bu sektorun inkişafına əlavə təkan verəcək. Turizm sektoru post-pandemiya dövründə iqtisadi artımın sürətləndirilməsi baxımından iqtisadi siyasətin prioritet sahələrindən biri kimi müəyyən edilib. KOBİA turizm sahəsində mikro, kiçik və orta sahibkarlığın inkişafı, onların potensialının artırılması istiqamətində tədbirlər görür.

Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov vurğulayıb ki,  ölkəmizdə turizmin inkişafı üçün böyük işlər görülür. O çıxışında kənd yerləri və aqroturizmin inkişafının hazırda prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.

Aqrar Kredit və İnkişaf Agentliyinin sıdri Seymur Mövlayev bildirib ki, aqrotueizmin inkişaf etdirilməsi üçün bu sahədə dünya təcrübəsinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Dünyada fərqli aqroturizm modelləri mövcuddur. Seminar çərçivəsində təşkil olunacaq panellərdə beynəlxalq ekspertlər iştirakçılara Avropa İttifaqında tətbiq olunan maqroturizm modelləri barədə ətraflı məlumat verəcəklər. 

Seminar öz işini panel sessiyalarla davam etdirib.

0