Sanksiyaya məruz qalan Rusiya Mərkəzi Bankı ölkə vətəndaşlarına xaricə nağd pul götürməyi tövsiyə edir, çünki yerli sistemin kartları yalnız 7 ölkədə qəbul olunacaq.
Bu barədə “Report” Rusiya Bankının saytına istinadən xəbər verir.
Bankın açıqlamasında deyilir ki, bunlar Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistandır.
Həmçinin bildirilir ki, “Mir” sisteminin kartları qondarma Cənubi Osetiya və Abxaziyada da qəbul ediləcək. Belə ki, VISA və “MasterCard” ödəniş sistemləri Rusiyanı tərk etdikdən sonra bu ölkənin bankları tərəfindən buraxılan kartlar yalnız ölkə daxilində işləyəcək.
VISA və “MasterCard” kartları ilə aşağıdakılar mövcud olmayacaq: xarici onlayn mağazalarda və xaricdə hesablaşmalarda alış-veriş üçün ödəniş.
"Xaricə səfər zamanı nağd pul və “Mir” kartını qəbul edildiyi ölkələr üçün özünüzlə götürmək tövsiyə olunur. Bunlar Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Osetiya və Abxaziyadır", - xəbərdə deyilir.
Daha əvvəl ABŞ-ın "MasterCard" maliyyə korporasiyası bildirib ki, Rusiyada xidmətlərin göstərilməsini dayandırıb. Həmçinin VİSA da Rusiyadakı fəaliyyətinə son qoyacaq və yaxın günlərdə bütün əməliyyatları dayandırmaq niyyətindədir.