Azərbaycanda ilk dəfə istixana sistemində innovativ işıqlandırma texnologiyası tətbiq olunacaq - FOTO

İQTİSADİYYAT
18:12 / 15.03.2022
735

Aqrar İnnovasiya Platformasının təqdimat mərasimi keçirilib.

Azərbaycanda istixana sistemlərində innovativ işıqlandırma texnologiyalarının tətbiqinə start verilir. Bu gün Kənd Təsərrüfat Nazirliyi tabeliyində Aqrar İnnovasiya Mərkəzi, Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası, “Signify” və “Grow Group”  şirkətləri arasında innovativ işıqlandırma texnologiyalarının istixanalarda tətbiqinə dair müqavilənin imzalanma mərasimi keçirilib.

Mərasimdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, dövlətin həyata keçirdiyi ardıcıl siyasət nəticəsində aqrar sahənin davamlı inkişafı davam edir. Aqrar ixracatda tərəvəz məhsullarının xüsusi çəkisi var, bu isə kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi aqrar sahədə innovasiyaların tətbiqini vacib edir: “Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracatında tərəvəz məhsullarının xüsusi yeri var. İxrac olunan pomidorun və digər tərəvəz məhsullarının çox böyük hissəsi istixana şəraitində yetişdirilən məhsullardır. Tərəvəz ixracı üzrə ixtisaslaşmış Azərbaycanda fəaliyyət göstərən istixanalar da texnoloji nöqteyi nəzərdən digər ölkələrdəki istixanalarla rəqabətə hazır olmalıdır. Həm ərzaq istehsalını artırmaq, həm xarici bazarlarda rəqabətə davam gətirmək baxımından ölkəmizdə müasir texnologiyalara əsaslanan istixanaların qurulması vacibdir. Hazırda müasir tərəvəz istixanalarında ən geniş yayılmış texnologiyalardan biri LED işıqlandırma sistemidir. Bu texnologiyanın tətbiqi nəticəsində hər hektardan 150-200 ton əlavə pomidor və digər tərəvəz məhsulları götürülür. Eyni zamanda yüksək keyfiyyətli tərəvəzi ilboyu istehsal edə biləcəyik, bu təkcə tərəvəz istehsalını deyil, ölkəyə daxil olan valyutanın həcmini də artıracaq”.  

Tədbirdə “Signify” şirkətinin Mərkəzi və Şərqi Avropa regionu üzrə kommersiya direktoru Uim Striqs innovativ işıqlandırma vasitələrinin tətbiqinin müasir istixana tərəvəzçiliyində məhsuldarlığa müsbət təsir göstərməsi ilə bağlı təqdimatla çıxış edib. Uim Striqs qeyd edib ki, innovativ işıqlandırma vasitələrinin tətbiqi istixanalarda yetişdirilən məhsulların kəmiyyət və keyfiyyət göstəricilərini yüksəldir. 
 
Mərasimdə çıxış edən digər natiqlər bildiriblər ki, müasir işıqlandırma sistemləri ilə təchiz olunan istixanalarda məhsul istehsalının artımı tərəvəz məhsullarının, xüsusilə də pomidor ixracının artmasına müsbət təsir göstərəcək.   

Daha sonra innovativ işıqlandırma texnologiyalarının istixanalarda tətbiqi ilə bağlı müqavilə imzalanıb. İlkin mərhələdə bu texnologiyaların “Buta Group” və “Grow Group” şirkətlərinə məxsus istixanalarda tətbiqi ilə bağlı elektrik enerjisi təminatında dövlət tərəfindən müvafiq dəstək və güzəştlər göstəriləcək. Bu pilot layihənin gələcəkdə əhatə dairəsinin genişlənməsi məhsul artımı göstəricilərindən asılı olacaq. 

Tədbir çərçivəsində Aqrar İnnovasiya Platformasının təqdimatı da keçirilib. Təqdimat mərasimində rəqəmsallaşma və innovasiya ilə bağlı layihələrin hər zaman prioritet hesab edildiyi, məhz bu səbəbdən sözügedən platformanın ərsəyə gəlməsində yaxından iştirak etdiklərini vurğulanıb. 

Aqrar İnnovasiya Platforması innovativ layihələrin qəbulu, emalı və icra mərhələlərinin izlənməsi üçün nəzərdə tutulan, istifadəçilər tərəfindən asan interfeysə malik olan bir platformadır. Bu platforma kənd təsərrüfatı məhsul istehsalçılarını, şirkətləri, yerli və beynəlxalq təşkilatları bir araya gətirəcək. Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə yaradılan bu platformanın məqsədi fermerlərin ideya və təşəbbüslərinin dəstəklənməsi və aqrar sahənin innovativ əsaslarla inkişafını təmin etməkdən ibarətdir. Platforma vasitəsilə aqrar sahədə innovativ layihələrini təqdim edən fiziki və hüquqi şəxslər dövlət və özəl sektor tərəfindən dəstəklənərək layihələrini reallaşdıra biləcəklər.

0