Sürücülərin NƏZƏRİNƏ: Xarab olub yolda qalan maşına cərimə yazılmalıdır? - AÇIQLAMA

İQTİSADİYYAT
21:31 / 29.03.2022
2304

Son zamanlar məcburən yol kənarında dayanan avtomobillərə dayanma-durma ilə bağlı cərimə yazılması halları artıb.

Lent.az xəbər verir ki, bu barədə dəfələrlə sosial şəbəkələrdə paylaşımlar edilib. Həmin paylaşımlarda nasazlıq səbəbilə məcburən dayanan avtomobillərin cərimə olunması qeyd edilərək, narazılıqlar da bildirilib. Hətta bir neçə gün əvvəl sürücünün avtomobilin partlamış təkərini dəyişdiyi zaman belə dayanma-durmaya görə cərimələndiyi barədə mediada məlumatlar yayılıb.

Görəsən, məcburi şəkildə dayanma-durmanın qadağan olunduğu ərazidə saxlanılan avtomobilə cərimə yazılmalıdırmı?

Hüquqşünas Ərşad Hüseynov bildirib ki, sürücülər məcburi dayanma zamanı tələb olunan qaydalara riayət etsələr, onlar məsuliyyətə cəlb oluna bilməz:

“Yol hərəkəti haqqında” qanuna görə, qəza-dayanma deyilən bir anlayış var. Əgər sürücü və ya sərnişinin səhhətində, avtomobildə texnik problem yaranarsa, yaxud avtomobilə yığılan yük dağılarsa, hərəkət mümkün deyil və məcburən hərəkəti dayandırmaq lazımdır.

"Yol hərəkəti haqqında” qanunun 55-ci maddəsində deyilir ki, əgər məcburi dayanma dayanma-durmanın qadağan olunduğu ərazidə baş verərsə, dərhal qəza siqnalı yandırılmalı, yaxud qəza nişanı quraşdırılmalıdır. Əgər avtomobili idarə etmək mümkünsə, çalışıb dayanma-durmanın qadağan olunmadığı yerdə saxlamaq lazımdır. Mümkün deyilsə, qeyd etdiyimiz kimi, qəza dayanma siqnalı qoşulmalı və ya nişan qoyulmalıdır. Bundan sonra isə yaranmış problemlə əlaqədar tədbir görülməyə başlanılmalıdır. Bu tədbirlər bir neçə dəqiqədən, hətta saatlara qədər belə uzana bilər. Əgər qanuna əsasən, qəza dayanma siqnalı, yaxud nişanı quraşdırılıbsa, həmin sürücü dayanma-durmanı pozduğu üçün məsuliyyətə cəlb oluna bilməz”.

Qeyd edək ki, dayanma-durma qaydalarının pozulmasına görə cərimənin miqdarı 20 manatdır.

0