"Təəsüf ki, Azərbaycanda bir çox sahibkar hələ də “Bizim reklama, PR-a ehtiyacımız yoxdur” fikirlərini əsas götürüb bu fəaliyyətləri iqnor edir və ya kommunikasiyanı bir tərəfli aparıb auditoriyanı iqnor edir"
Anar Əskərov 10 ildən çox təcrübəsi olan Strateji Kommunikasiya üzrə mütəxəssisdir. O “INPRESS PR Solutions” şirkətinin və MediaPost TV-nin təsisçisi və CEO-sudur. Onun əsas fəaliyyət istiqaməti yeni media dünyasında müasir alətlərdən istifadə edərək fərdlərə və şirkətlərə brendlərini qurmağa, qorumağa və mesajlarını auditoriyalarına düzgün şəkildə çatdırmağa yardım etməyə yönəlib.
Valyuta.Az-ın Anar Əskərov ilə müsahibəsini təqdim edirik:
- Azərbaycanda orta və böyük bizneslərin üzləşdiyi əsas kommunikasiya problemləri hansılardır?
- Ümumi desək, Azərbaycanda bir çox ənənəvi biznes sahibləri hədəf kütlələri ilə internetdə kommunikasiyaya girməkdən qorxur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Təcrübə onu göstərir ki, sahibkar uzun illər boyu real həyatda zəhmətlə qurduğu reputasiyanı bir günə və ya bir saata sosial şəbəkələrdə itirmək istəmir. Özlərinin, rəqiblərinin və ya həmkarlarının başına gələn onlayn böhranlar orta və yaşlı nəsil sahibkarları müasir kommunikasiya strategiyalarına investisiya etməkdən çəkindirir.
Halbuki, müasir dövrdə düzgün kommunikasiya bacarığı biznesin inkişafı üçün çox əhəmiyyətlidir. Düzgün kommunikasiya dedikdə əsasən müştəri davranışlarının mütəmadi ölçülməsi, yeni hədəf kütlələrinin kəşfi, ehtiyacların analizi və ümumilikdə biznes barəsində onlayn mühitdə gedən bütün söhbətlərin dinlənilməsi (social listening) və ölçülməsini nəzərdə tuturam. Təəsüf ki, Azərbaycanda bir çox sahibkar hələ də “Bizim reklama, PR-a ehtiyacımız yoxdur” fikirlərini əsas götürüb bu fəaliyyətləri iqnor edir və ya kommunikasiyanı bir tərəfli aparıb auditoriyanı iqnor edir. Əsas tövsiyyəm bizneslər auditoriyaları ilə qarşılıqlı ünsiyyətə strateji fəaliyyət kimi baxmalı və bu prosesdən çəkinməməlidirlər.
- Ara-sıra bir çox dövlət qurumlarının vətəndaş şikayətlərinə baxılmasında biganəlik, media və ümumilikdə ictimaiyyətə açıq olmamaları ilə bağlı nöqsanlar səsləndirilir. Dövlət qurumlarında kommunikasiya baxımından vəziyyəti necə dəyərləndirirsiz?
- Son dövrlərdə bir çox dövlət qurumlarının ictimailəşmiş və trend olan şikayətlərə həssaslığının artması müşahidə olunur. Kütləvi şəkildə müzakirə olunan bir çox movzularla bağlı edilən açıqlamalar (kontentin tərkibinə fikr verməsək) sürət baxımından əvvəlki illərə nisbətən daha çevikdir. Lakin uğurlu müasir kommunikasiyanın əsas şərti məsələlər, şikayətlər kütləvi müzakirəyə çıxmamış idarə edilməsidir. Bunun üçün auditoriya dəqiq izlənməli, qurum haqqında bütün platformalarda danışılan bütün söhbətlərin data analitikası aparılmalı və risklər ölçülməlidir. Bu səbəbdan dövlət qurumlarının kommunikasiya baxımından əsas problemi sadəcə medianı və trend mövzuları izləməsidir və hər hansı ictimailəşmiş problemin, böhranın həlli zamanı problemdən çox mediaya fokuslanmasıdır. Əksər hallarda qurumun müvafiq işçiləri problemin işiqlandırılmasında medianı günahlandırır və ya şikayətlərin arxasında sifarişçi axtarır.Nəticədə ictimailəşən şikayətlərin mahiyyəti qalır kənarda və rəhbərə məruzə etmək üçün düşmən axtarılır. Təbii ki belə hallar medianın inkişafına da ciddi mənfi təsir göstərir.
-Anar bəy, sualları cavablandırdığınıza görə təşəkkür edirik.