Neft Fondunun gəlirləri 2 dəfədən çox artdı

İQTİSADİYYAT
20:30 / 18.04.2022
1039
2022-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 616,7 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 845,6 mln. manat, bonus ödənişləri 765,3 mln. manat, tranzit gəlirləri 5,8 mln. manat təşkil edib.
 
HİT.az fonda istinadən xəbər verir ki, mənfəət neftinin və qazın satışından əldə olunan gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb.
 
Qeyd edilən dövrdə ARDNF–nin 2022-ci il büdcəsinin Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər maddəsi üzrə daxilolmalar illik proqnoza nisbətən təqribən 45% səviyyəsində icra edilib.
 
Qeyd edək ki, ötən rüb ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 1 660,8 mln. manat olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan büdcədənkənar gəlir 214,3 mln. manat təşkil edib.
 
Xatırladaq ki, hesabat dövründə Neft Fondunun büdcə gəlirləri 2 955,9 mln. manat, büdcə xərcləri isə 2 764,5 mln. manat təşkil edib.
1