DOLLAR BAHALAŞMAQDA DAVAM EDİR - Azərbaycana ciddi mənfi təsiri olacaq?

İQTİSADİYYAT
14:41 / 27.04.2022
2032

Dollarda son günlərdə müşahidə edilən bahalaşma dinamikası bu gün də davam edib. ABŞ valyutasının dünyanın aparıcı 6 valyutasına qarşı ortaq məzənnəsini göstərən Dollar İndeksi 102,7 həddinə çatıb.

Sfera.az bildirir ki, hazırda dollar çox bahadır və indeksin indiki səviyyəsi 2002-ci ilin dekabrından bəri qeydə alınan ən yüksək həddir.

Dolları bahalaşdıran əsas səbəb ABŞ mərkəzi bankının (FED) gözlənilən qərarlarıdır. FED faiz dərəcələrini davamlı artıracağını və dövriyyədəki dollarla olan pul kütləsini azaldacağını bəyan edib. Son məlumatlara görə, FED-in 9 trilyon dollarlıq balansı var, baş maliyyə qurumu bu göstəricini 4-5 trilyon dollar qədər azaldacaq. Eyni zamanda faiz dərəcələrini (0,25-0,5) bir neçə dəfə artıracaq.

FED-in bu addımları atmasında məqsədi dolları bahalaşdırmaqla mal və xidmətlərin dəyərindəki artımı dayandırmaq, inflyasiyanı aşağı tempə salmaqdır.
Bu vədlər reallaşdırılarsa, böyük ehtimalla dollar daha da bahalaşacaq və 1995-2002-ci illərdə olduğu kimi davamlı yüksələcək.

Dolların bahalaşmasını ABŞ Administrasiyası da istəyir. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra dünyada malların dəyəri xeyli artıb və bu, Rusiyaya izafi gəlirlər qazandırır. Bunun qarşısını almaq üçün hökumət dolların bahalaşdırılmasını təklif edir.

ABŞ valyutasının bahalaşması manatı da möhkəmləndirir. Dollar/manat kursu sabit olduğundan baha dollar dolyası ilə manatı da bahalaşdırır. Daha doğrusu dollar hansı valyutalara nisbətən bahalaşırsa, manat da həmin valyutalarla müqayisədə bahalaşır, dollar ucuzlaşdıqda isə manat da ucuzlaşır.
Məsələn, bir il əvvəl Azərbaycan Mərkəzi Bankında avro/manat kursu 2,07 olduğu halda bu gün 1,81 həddinə, türk lirəsi 0,21 manatdan 0,115 manata geriləyib, kommersiya banklarında isə bu gün avro 1,79 manatdan, lirə 0,11 manatdan alınıb.

Amma son bir ildə rus rublu və çin yuanı dollara qarşı sabit qaldığından manatla olan məzənnələri də sabit qalıb, gürcü larisi isə bahalaşdığından onun məzənnəsi manata da qarşı bahalaşıb.

İndiki vəziyyətdə dolların bahalaşmasının Azərbaycana ciddi mənfi təsiri yoxdur. Əksinə, baha dollar əmtəələri ucuzlaşdırdığından Azərbaycana idxal edilən malların da dəyəri bir qədər enə bilər.

0