Azərbaycan Avropa İttifaqı ilə daha bir tvinninq layihəsinin icrasını başa çatdırdı - FOTOLAR

İQTİSADİYYAT
16:49 / 27.04.2022
1584

Kənd Təsərrüfatı Nazirliyi və Avropa İttifaqının birgə əməkdaşlığı çərçivəsində “Kənd Təsərrüfatına Göstərilən Dövlət Yardımının Səmərəliliyini və Effektivliyini Artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Potensialının Artırılması üzrə Tvinninq layihəsi”nin bağlanış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, Avropa İttifaqı ilə uğurlu əməkdaşlıq çərçivəsində icrası yekunlaşan Tvinninq layihəsi üzrə görülən işlər əvvəlcədən müəyyən edilən hədəflərə çatılmasında əhəmiyyətli rol oynayıb. Layihənin icrası kənd yerlərinin inkişafı, bu sahədə dövlət dəstəyinin səmərəliliyinin yüksəldilməsi, məhsuldarlığın artırılması, keyfiyyətli məhsul istehsalı, torpaq və su resurslarının mühafizəsi işinə əhəmiyyətli töhfə verib. Nazir müavini əlavə edib ki, beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsi hər zaman prioritet hesab edildiyindən gələcəkdə də kənd yerlərinin inkişafı, kənd təsərrüfatı sahələrində rəqabət qabiliyyətinin gücləndirilməsi, aqroturizm sektorunun inkişafı və kiçik fermer təsərrüfatlarının birgə fəaliyyət formaları üzrə ən yaxşı beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi istiqamətində əməkdaşlıq inkişaf etdirilə bilər.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbər müavini Zoltan Szalai Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin vacibliyindən bəhs edib. Həmçinin, kənd təsərrüfatı sahəsində birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin önəmli olduğunu vurğulayıb. Tvinninq layihəsində partnyor kimi çıxış edən ölkələrdən İtaliya, Litva və Polşanın Azərbaycandakı səfirləri də kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri və gələcək planlara toxunub.    

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev çıxışında Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Tvinninq layihəsinin icra edildiyi 3 ilə yaxın müddətdə görülən işlər, həyata keçirilən tədbirlər və gələcəkdə birgə əməkdaşlıq istiqamətləri barədə məlumat verib.

Qeyd edək ki, Tvinninq layihəsinin icrası və koordinasiyasında məsul qurum Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyidir. Tvinninq layihəsinin məqsədi Kənd təsərrüfatına və kənd yerlərinin inkişafına dövlət dəstəyi sisteminin effektivliyini və səmərəliliyini artırmaq üçün dəstək verərək hökumətin iqtisadiyyatın şaxələndirilməsi, regional fərqlərin azaldılması və kənd yerlərində yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə bağlı siyasətinin həyata keçirilməsinə kömək etməkdir.

0