“Lukoyl” Rusiyadakı “Shell” yanacaqdoldurma məntəqələrini satın aldı

İQTİSADİYYAT
20:26 / 12.05.2022
980

“Lukoyl” kompaniyası Rusiyada 400-dən çox yanacaqdoldurma məntəqəsinə və sürtkü materialları zavoduna sahib olan “Shell neft” MMC-ni satın alıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Lukoyl” kompaniyasının məlumatında deyilir.

“Lukoyl” ASC Rusiyada neft məhsullarının pərakəndə satışı və sürtkü materiallarının istehsalı ilə məşğul olan “Shell neft” MMC-nin bütün hissələrinin əldə edilməsinə dair kompaniyanın törəmə şirkətləri ilə müqavilə imzalayıb. Buraya “Shell neft” MMC-nin əsasən ölkənin Mərkəzi və Şimal-Qərb federal dairələrində yerləşən 411 yanacaqdoldurma məntəqəsi və Tver vilayətindəki sürtkü materialları zavodu daxildir.

Fevralın 28-də “Shell” kompaniyası Rusiya ilə bütün müştərək layihələrdən, o cümlədən Avropaya qaz tədarükü üzrə “Şimal axını-2” və maye qaz istehsalı üzrə “Saxalin-2” layihələrindən çıxdığını, martın 8-də isə Rusiyanın neft məhsullarından, boru kəməri ilə ötürülən maye qazdan mərhələli şəkildə imtina edəcəyini açıqlayıb. Kompaniya, həmçinin dünya bazarında Rusiyadan xam neft alınmasını və rusiyalı tədarükçülərlə uzunmüddətli neft müqavilələrini yeniləməyi dayandırıb.

0