Naxçıvanda 80 qəpik, Bakıda 2 manat... - Siqaret qiymətlərindəki böyük fərqlərin səbəbi nədir?

İQTİSADİYYAT
15:45 / 15.05.2022
2674

Bütün dünyada olduğu kimi ölkəmizdə də siqaret məhsullarına təlabat böyükdür. Uzun illərdir bu sahədə inhisarçılığın olması, rəqabət mühitinin pozulması siqaret bazarında kiçik bir qrupun istədiyi qiymətləri diktə etməsinə gətirib çıxarıb. Təsadüfü deyil ki, hazırda ölkənin müxtəlif bölgələrində satılan eyni növ siqaret məhsulları arasında kəskin qiymət fərqi mövcuddur.

Məsələn, hazırda Naxçıvanda 1-2 manata təklif olunan siqaretləri paytaxt mağazalarında 3-4 manatdan aşağı almaq mümkün deyil.

Eyni məhsullar arasında qiymət fərqinin bu qədər yüksək olması, bir sıra şübhəli məqamlardan xəbər verir.

“AzPolitika.info” bu mövzuda kiçik bir araşdırma apararaq, bu qeyri-müəyyənliyin səbəbini öyrənməyə çalışıb.

İlk öncə qeyd edək ki, ötən ay qüvvəyə minən qanuna əsasən, ölkəyə idxal edilən siqaret məhsullarının 1000 ədədi üçün aksiz vergisi 43 manatdan 46,5 manata qədər artırılıb. Ona görə də paytaxtda yerləşən bir sıra satış məntəqlərində siqaret məhsullarının qiyməti 20-30 qəpik aralığında bahalaşıb.

Paytaxt mağazalarında apardığımız müşahidələrə əsasən, 20 gün əvvələ qədər “Sobranie” siqaretinin qiyməti 3,90 manat idisə, hazırda bəzi satış məntəqələrində 4,30 - 5 manat aralığında təklif olunur. Eynilə “Winston” 3,20-dən 3,80-ə, “Kent-4” 3,70-dən- 3,90-a, “Davidoff studio” 3,60-dan 4 manata, “Winston” ballı isə 3,50-dən 3,80 manata qədər bahalaşıb. Hazırda paytaxt mağazalarında digər markalarla müqayisədə nisbətən normal hesab olunan siqaretlərin qiyməti 3-4 manatdan ucuz deyil. Daha ucuz və keyfiyyət baxımından yaxşı olmayan siqaretlərin qiyməti isə iki manatdan başlayır.

Bakıdan fərqli olaraq, Naxçıvanda siqaret məhsularının qiyməti olduqca aşağıdır. Naxçıvanda satılan 20-yə yaxın müxtəlif siqaret brendlərinin qiymətİ, 70 qəpiklə-8 manat arasında dəyişir. Orta təbəqəli əhali əsasən, 1-2 manata satılan siqaretlərdən istifadə edirlər.

Siqaretin kifayət qədər baha olduğu paytaxtda, bəzilərinin "Marlboro"suna çevrilən 2-3 manatlıq siqaretlər isə Naxçıvanda 70-80 qəpiyə təklif olunur. Hər halda təsadüfü deyil ki, Muxtar Respublikaya səfər edən Naxçıvan sakinlərinə ilk sifariş "gələndə 1-2 qutu siqaret gətir" olur.

Naxçıvandakı ərzaq mağazaları və paytaxtdakı köşklər arasında apardığımız siqaret qiymətlərinin müqayisəli təhlilini oxuculara təqdim edirik:

Siyahıdan göründüyü kimi, eyni növ siqaret məhsulları arasında qiymət fərqi 20 qəpiklə - 1 manat 60 qəpik arasında dəyişir. Qiymət fərqinin bu qədər yüksək olması onu göstərir ki, satılan siqaretlər suni şəkildə bahalaşdırılaraq real qiymətindən daha yüksək məbləğlərə satılır. Qeyd edək ki, köşklərdə satılan və bu siyahıda olmayan - “Magna”, “Argo”, “Prima” kimi keyfiyyətsiz siqaretlərin qiyməti iki manatdan aşağı deyil.

Naxçıvanda satılan və keyfiyyətcə bu siqaretlərə bərabər olan - “Visore”- 70 qəpik, “Fine”-80 qəpik, “Milano” və “Oscar” kimi siqaretlər isə 1 manata təklif olnur. Qiymət fərqliliyinin bu qədər yüksək olması, bir sıra sualların yaranmasına səbəb olur.

Birincisi, Naxçıvanda istehsal olunan “Keno” və “West” siqaretləri niyə paytaxt mağazalarında öz dəyərindən 3 dəfə baha qiymətə satılır?

İkincisi, necə olur ki, blokadada olan Naxçıvanda müxtəlif siqaret markaları Bakıdan daha ucuz olur?

Üçüncüsü, niyə paytaxt mağazalarında siqaret məhsulları öz dəyərindən dəfələrlə baha qiymətə təklif olunur?

Dördüncüsü, Naxçıvanda ucuz olan siqaret məhsullarının Bakıya gətirilməsinin qarşısı niyə alınır?

Bu barədə “AzPolitika.info”-ya danışan və “məlum səbəblər”dən adının açıqlanmasını istəməyən Naxçıvandakı mənbələr bildiriblər ki, Muxtar Respublikada istehsal olunan “Visore, “Cahan”, “Fine” markalı siqaretlər keyfiyyətsiz olduğundan, çox az adam tərəfindən istifadə edilir: "Bu siqaretlərin qiyməti bahalaşmadan öncə 50-60 qəpik idi. Bu cür siqaretlərin 60-70 faizi kardon və digər tütün dadı verən aromatik kimyəvi maddələrdən hazırlanır. Həmçinin bu siqaretlər digərləri ilə müqayisədə daha çox asılılıq yaradır”.

Həmsöhbətimiz qeyd edir ki, Naxçıvanda satılan siqaret məhsullarının qiymətinin ucuz olmasının səbəbi idə dövlət vergilərindən yayınmalardır: “Naxçıvan MR Gömrük Komitəsi siqaret məhsullarını ölkəyə buraxarkən, dəyərindən aşağı məbləğdə rəsmiləşdirmə aparır. Sonra isə bu məhsullar müəyyən şəxslər tərəfindən Tükiyə və Bakıya aparılaraq, dəyərindən baha qiymətə mağazalara təklif olunur. Naxçıvan mağazalarında aksiz markası olmayan siqaret məhsullarınada rast gəlmək mümkündür”.

“Naxçıvanda satılan siqaretlərin fiziki şəxslər tərəfindən Azərbaycanın fərqli bölgələrinə aparılmasının qarşısı müxtəlif bəhanələrlə alınır. Məsələn, Naxçıvandan Bakıya təyyarə ilə səfər edən hər hansı bir şəxs özü ilə maksimum 2-3 qutu siqaret apara bilər. Əgər sərnişin Naxçıvan Hava Limanınında satılan siqaret məhsulunu alırsa, bu zaman özü ilə 5-10 qutu siqaret məhsulu apara bilir. Ancaq hava limanında təklif olunan siqaret məhsullar, mağazadakı qiymətindən 2-3 manat baha olur”,- Naxçıvandakı məlumatlı mənbələr bildirir.

Səsləndirilən bütün bu iddialarla bağlı Naxçıvan MR Dövlət Gömrük Komitəsinə müraciət etsək də, suallarımıza cavab verilmədi. Qurumun məlumat şöbəsində çalışan xanım əməkdaş ilk öncə bu iddiaları təkzib etsə də, sonradan dəqiq məlumat üçün ümumi şöbədən bizimlə əlaqə saxlanılacağını bildirdi. Lakin geridönüş edən olmadı...

Bu mövzuyla bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “AzPolitika.info”-ya şərhində bildirib ki, tütün məmulatları "dövlət tərəfindən qiyməti tənzimlənməyən" məhsullar sırasına aiddir: ”Dövlət bu sahədə yalnız aksiz vergilərinin məbləğini müəyyən edir. Siqaret məhsullarının fərqli qiymətə satılması logistika və daşıma xərclərindən asılı ola bilər. Amma qiymətlərdə böyük fərqlərin ortaya çıxması ciddi şübhələrin yaranmasına səbəb olur. Ehtimal edirəm ki, siqaretlər gömrük rüsumu və aksiz vergisi ödənilmədən Naxçıvana gətirilir. Bu səbəbdən də ortaya belə qiymət fərqləri çıxır".

Ekspert qeyd edir ki, Naxçıvandan Bakıya aparılan siqaret məhsullarına tətbiq olunan məhdudiyyətlər tamamilə qanunsuzdur: “Bildiyiniz kimi, Azərbaycana xarici ölkələrdən gətirilən tütün məmulatları və spirtli içkilərlə bağlı müəyyən məhdudiyyətlər var. Bu qadağaların tətbiqi Dövlət Gömrük Komitəsinin və Nazirlər Kabinetinin birgə qərarı əsasında qəbul edilib. Ancaq ölkə daxilində mal dövriyyəsini məhdudlaşdıracaq hər hansı bir qadağa yoxdur. Naxçıvan da Azərbaycan tərkib hissəsi olduğundan, bu cür qadağaların olması çox məntiqsizdir. Bu qadağanı "kim"lər qoyubsa, böyük səhv ediblər".

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə “AzPolitika.info”-ya bildirildi ki, tütün məmulatlarının qiyməti bazar iqtisadiyyatı şəraitində tələb və təklif əsasında formalaşır: "Yəni burada bir neçə qəpik və ya bir manata yaxın qiymət fərqinin olması qanuna zidd hesab olunmur. Çünki siqaret məhsullarının qiyməti Tarif Şurası tərəfindən müəyyən olunmur".

Belə məhsulların qiymət fərqinə necə nəzarət olunduğuna gəlincə, bu suala da qurumdan cavab verilmədi.

Diqqətimizi çəkən başqa bir məqam isə Naxçıvan MR Gömrük Komitəsinin fəaliyyətilə bağlıdır. Belə ki, qurumun rəsmi saytına nəzər saldıqda maraqlı bir nüansla qarşılaşdıq. 2019-cu ildə yaradılan saytın xəbərlər bölməsində mütəmadi olaraq, MR-ə keçirilməsinin qarşısı alınan məhsullarla bağlı məlumatlar yerləşdirilsə də, Naxçıvan gömrükçülərinin ələ keçirdiyi qanunsuz siqaret məhsullarıyla bağlı bir dənə belə fakta rast gəlmədik. Bu olduqca maraqlı bir faktdır. Çünki ölkəyə qanunsuz şəkildə keçirilməyə çalışılan üç məhsuldan biri, məhz aksizsiz siqaretlərdir. Dövlət Gömrük Komitəsinin rəsmi saytının xəbərlər bölməsinə nəzər saldıqda da bunu görmək mümkündür.

Sonda qeyd etmək istəyirik ki, sözügədən sahədə inhisarçılıq hələ də qalmaqdadır. Araşdırmanın nəticəsinə görə, sadə vətəndaşlara 2 qutu siqaret aparmağı çox görənlər, gömrükdə rüsumsuz, vergisiz, dəyərindən olduqca aşağı qiymətə rəsmiləşdirdikləri siqaretləri paytaxta və müxtəlif bölgələrə rahatlıqla daşıyırlar. Sonra da bu məhsulları dəyərindən bir neçə dəfə baha qiymətə əhaliyə satırlar.

Nəticədə vergidən yayınmalarla həm dövlət büdcəsinə ziyan dəyir həm də tütün məmulatları əhaliyə real qiymətindən baha satılır. Siqaret biznesinin zərərli tüstüsündən qazanclı çıxmağı bacaranlar isə inhisarçı məmurlardır...

0