"Bakı Metropoliteni" QSC mayın 26-29-da Bakıda keçiriləcək "TEKNOFEST-Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı ilə əlaqədar iş rejimini dəyişəcək.
HİT.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, festivalın "Bakı Kristal Zalı" və Dənizkənarı Milli Parkın ərazisində keçiriləcəyi nəzərə alınaraq metronun “28 May”, “Sahil”, “İçərişəhər” və “Nizami” stansiyaları gücləndirilmiş iş rejiminə keçəcək, əlavə işçilər ayrılmaqla xüsusi növbətçilik cədvəli tərtib olunacaq.
Tədbirin keçiriləcəyi 28 və 29 may tarixləri Azərbaycanda bayram və istirahət günləri olsa da, qatarların hərəkətinin, adi iş günlərində olduğu kimi, optimal qrafik üzrə tətbiq edilməsi qərara alınıb. Bununla yanaşı, festival günlərində də ehtiyat qatarlar daim hazır saxlanılacaq. Sərnişin axınının mümkün sıx saatları tədbirlərin proqramına uyğun müəyyən olunub. Buna müvafiq olaraq ehtiyat qatarların xəttə buraxılmasının nizamlanmış qaydası planı tərtib edilib.
“Bakmil” stansiyasına və əks istiqamətdə hərəkət cədvəli iş günləri qrafikinə uyğun tənzimlənəcək.
Festivalın təşkilat komitəsi ilə əldə olunmuş razılığa və əməkdaşlıq planına əsasən, tədbirlərin keçiriləcəyi günlərdə “28 May”, “Sahil” və “İçərişəhər” stansiyalarında ikinövbəli olmaqla, könüllülər sərnişinlərin xidmətində olacaq. Onlar metro işçiləri ilə birlikdə sərnişinlərə gediş haqqı ödənilməsi, istiqamət və səmtin müəyyən edilməsi, habelə digər faydalı məlumatların verilməsini təmin edəcəklər. Bununla əlaqədar festivalın təşkilat komitəsində fəaliyyət göstərən könüllülər arasından seçilmiş namizədlərlə təlimatlandırma işi aparılıb.