14:30 / 17.06.2022
743

Bu şəxslərin əməkhaqları ilə bağlı yeni qərar: İyulun 1-dək...

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

HİT.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2022-ci il iyulun 1-dək veriləcək.

Əvvəl bu müddət 2022-ci il mayın 1-dək müəyyən edilmişdi.

Qeyd edək ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
Müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir.

0