“Dünya bazarında dolların kəskin möhkəmlənməsi davam edir. ABŞ pulu əksər səbət valyutalara nisbətən güclənməkdədir. Avronun məzənnəsi son 23 ildə ilk dəfə dollar ilə bərabərləşib”.
HİT.az xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov bildirib. O, qeyd edib ki, indi birjalarda 1 avro almaq üçün, demək olar, 1 dollar ödəmək lazımdır: “Son 1 ildə avro 18 faiz dəyər itirib. Avropa pulunun ucuzlaşması Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra daha da sürətlənib.
Avronun kəskin ucuzlaşmasının əsas səbəbi də məhz Ukraynadakı savaşdır. Digər tərəfdən, Rusiyanın Avropaya qaz təchizatını məhdudlaşdırması və avrozonada yüksək inflyasiya, iqtisadi proqnozlarda neqativ dürüstləşmə və bütövlükdə daha dərin böhran gözləntiləri avronu zəiflədir. Mavi qazın qiymətindəki kəskin artımlar “qoca qitədə” real sektorun inkişafını ciddi şəkildə tormozlayır”.
İqtisadçı qeyd edib ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsində kəskin artımlara getməsi də avro daxil olmaqla digər səbət valyutalarının dollara olan kursuna təsirsiz ötüşmür: “Ötən ay FED dərəcəni 75 baza bəndi artıraraq 1,50-1,75 faiz aralığına çatdırıb. Bu 1994-cü ildən bəri ən yüksək artım idi. İyul ayında da ABŞ-da uçot dərəcəsinin yenidən artırılacağını istisna etmirlər. Ekspertlər uçot dərəcəsinin ilin sonunadək daha 1,75 baza bəndi artıraraq 3.4 faizə çatdırılacağını bildirirlər.
FED bu il 2 faizlik inflyasiya hədəfləsə də artıq 12 aylıq qiymət artımı səviyyəsi 7.0 faizə yaxınlaşır. Bu son 40 ildə ABŞ-da ən yüksək inflyasiya göstəricisidir. Digər tərəfdən, Birləşmiş Ştatlar ÜDM-də artım 2.8 % proqnoza qarşı 1.7 faiz olub. Bütün bunlar FED-in kəskin dərəcə artımlarına getməyə məcbur edib. Nəticədə isə dolların kəskin möhkəmlənməsi ilə müşahidə edilir”.
Vüqar Bayramov qeyd edib ki, avronun ucuzlaşması Avropa məhsullarının dollar ifadəsində ucuzlaşmasına səbəb olur: “Doğrudur, avrozonada inflyasiya səviyyəsi də kifayət qədər yüksəkdir. Amma qlobal inflyasiya dərəcəsini nəzərə alsaq, ucuz avro, həm də dollar ifadəsində daha az xərcli Avropa məhsulları deməkdir”.
Deputat vurğulayıb ki, Rusiya Ukrayna müharibəsi başladıqdan sonra manatın da avroya nisbətən möhkəmlənməsi müşahidə olunur: “Bu il fevralın 24-də 1 avro 1.9115 manat idisə, indi kurs 1.7060-dək dəyişib. Bu manatın avroya nisbətən son 5 aydan 12 faiz möhkəmlənməsi anlamına gəlir. Qeyd edək ki, manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir və avro dollara nisbətən dəyər itirdikcə Azərbaycan pulu Avropa valyutasına nəzərən möhkəmlənir.
Bu arada uzun müddətdən sonra Avropa Mərkəzi Bankının bu ay uçot dərəcəsini 0.25 faiz artıracağı gözlənilir. Amma yenə də Avropada uçot dərəcəsi okeanın o tayı ilə müqayisədə daha aşağı faiz bəndləri ilə yüksəldilir”.
Vüqar Bayramov qeyd edib ki, avronun zəifləməsi Avropadan Azərbaycana idxal edilən məhsullarının xərcinə təsir edə bilər: “Amma avrozonada inflyasiya səviyyəsi yüksək olduğundan idxal edilən mallarda xüsusi qiymət azalmaları proqnozlaşdırılmır. Bununla yanaşı, Avropa istehsallı avtomobillərin xərcində müəyyən azalmaların olacağı istisna deyil.
Dolların dünya bazarında möhkəmlənməsi kontekstində manatın məzənnəsinə gəldikdə isə əvvəllər də qeyd etdiyimiz kimi, kursa təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir.
Bütün bunlarla yanaşı, praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də qlobal valyuta bazarındakı kəskin volatillik fonunda manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.