İlham Əliyev və Mehriban Əliyeva İsmayıllıda - YENİLƏNİB/FOTO

İQTİSADİYYAT
14:42 / 12.08.2022
1228

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.

HİT.az xəbər verir ki, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Şeyx Məhəmməd məscidinin içərisində, Bazar meydanında, Qalabaşı ərazisində aparılan fundamental arxeoloji tədqiqatlar nəticəsində tarixi Basqal qalasının divarlarının yeri aşkar edilib, XVII əsrə aid edilən tarixi hamamın ətrafında Azərbaycanın ən qədim kanalizasiya sistemlərindən biri hesab olunan kürəbənd sisteminin işləmə prinsipi aşkara çıxarılıb. Şeyx Məhəmməd məscidinin dəqiq yaşı tam şəkildə təyin edilərək mədəni qatları haqqında ilk dəfə tədqiqat işləri aparılıb, çoxsaylı maddi-mədəniyyət nümunələri tapılaraq tədqiq edilib və qoruğun muzey fonduna təhvil verilib.

Qeyd edilib ki, etnoqrafik və elmi-tarixi araşdırmalar nəticəsində Basqalın tarixi dərindən araşdırılaraq qoruğun elmi-inventar fondu hazırlanıb, əski əlifba ilə yazılmış dini, elmi və sosial həyatla bağlı minlərlə qiymətli əlyazma mətni aşkar edilərək fonda təhvil verilib. Basqal və ətraf ərazilərin tarixi və mədəni irsi ilə birbaşa bağlı olan qeyri-maddi mədəni irs nümunələri toplanıb, qədim divarüstü yazılar, daş qəbirlər, müxtəlif kitabələr dərindən tədqiq edilib və dövlət mühafizəsinə götürülüb. Basqalda yaşayan əhalinin son iki yüz il ərzində məşğuliyyəti, sənətkarlıq nümunələrinin tarixi təkamülü üzə çıxarılıb, elmi-publisistika və mədəni turizm sahələrində istifadə ediləcək çoxsaylı tarixi materiallar əldə olunub. Basqalın mədəni irsinin əsas elementi olan kəlağayı naxışları toplanıb, inventarlaşdırılıb və nəşr edilib.

Həmçinin qoruğun ərazisində başladılan təmir-bərpa, konservasiya və yenidənqurma işlərinin elmi-nəzəri bazasını formalaşdırmaq, gələcəkdə aparılacaq tikinti və bərpa işlərinin mədəni irsin və yerli memarlıq ənənələrinin tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək üçün müvafiq normaların müəyyənləşdirildiyi “Basqal Mədəni İrsi: Təmir-bərpa kitabı” elmi-praktiki dərslik ərsəyə gətirilib.

Diqqətə çatdırılıb ki, Dövlət Turizm Agentliyi tərəfindən tarixən Basqalın mərkəzi hesab olunan orta əsrlər yol mədəniyyətinə xas olan pilləkənvari və daş döşəməli yolların, ənənəvi hasarların və qədim taxta qapı-darvazaların qorunub saxlanıldığı 8 tarixi məhəllənin birləşdiyi Bazar meydanının abadlaşdırılmasına xüsusi diqqət yetirilib.

Məlumat verilib ki, qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında Hamam Muzeyi olaraq əsaslı şəkildə bərpa edilib. Muzeydə Azərbaycanda hamam mədəniyyətinin özəllikləri, inkişafı haqqında, eləcə də hamamla bağlı xalq adət və ənənələri, onun külxana adlanan döşəməaltı istilik sistemi haqqında maraqlı məlumatlar təqdim olunur.

Aparılan tədqiqatlar nəticəsində 1854-cü ildə tikilən tarixi-memarlıq abidələrindən biri olan Hacı Bədəl məscidi, nəhəng gövdəsi və iri koğuşu ilə seçilən, dünyada əkilmə tarixi dəqiq bilinən yeganə ağac, 1563-cü ilə aid edilən və keçmişdə Basqal camaatı tərəfindən “Pir Çinar” adlandırılaraq müqəddəs hesab edilən çinar ağacı, XV əsrə aid olunan, 2020-ci ildə arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılıb tarixi üslubda yenidən təmir edilmiş “Pir çinar bulağı” və onlarla digər tarixi abidələr haqqında müfəssəl məlumatlar əldə edilib.

Bundan əlavə, 7 sənətkar emalatxanası təmir olunub, magistral yoldan qoruğa qədər olan yol yenidən qurulub. Qoruq ərazisində 2 küçədə qaz xətləri yerin altına salınıb, ərazidə olan rabitə xətləri yenilənib. Həmçinin Basqal qəsəbəsinin elektrik təchizatı sisteminin yenidən qurulması işləri aparılıb, su və kanalizasiya şəbəkəsinin bərpası üzrə işlər başa çatdırılıb. Bazar meydanı ərazisində köhnə yarımçıq tikililər sökülüb, qəsəbənin girişində avtomobil dayanacağı, turizm məlumat mərkəzi tikilib. Ərazidə abadlıq işləri aparılaraq yol və səkilər düzəldilib, Bazar meydanında qoruq üçün inzibati bina inşa olunub. Küçələr boyunca divarlar, döşəmələr, qapı və darvazalar bərpa edilərək tarixi mühitə uyğunlaşdırılıb və işıqlandırma işləri görülüb.

Qeyd edək ki, İsmayıllı rayonunun Basqal qəsəbəsi Bakıdan 160 kilometr məsafədə, dəniz səviyyəsindən 965 metr yüksəklikdə 240 hektarlıq ərazidə yerləşir. Bu ərazinin 50 hektarı 1989-cu ildə yaradılan “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğuna aiddir. Statistik məlumatlara görə, hazırda qəsəbədə rəsmi olaraq 1480 nəfər qeydiyyatdadır. Onlardan təxminən 600 nəfəri qoruq ərazisində yaşayır.

Basqal qəsəbəsi nadir memarlığı, qədim ipəkçilik, dəmirçilik kimi xalq sənətkarlıq ənənələri və orta əsr şəhərsalma mədəniyyəti ilə Azərbaycanın mədəniyyət tarixində xüsusi əhəmiyyətə malikdir. Basqal tarixən Lahıc, Şəki, Qəbələ və Şamaxıdan gələn yolların kəsişməsində yerləşərək qovşaq funksiyasını, sosial-iqtisadi və ticarət mərkəzi rolunu oynayıb.

14.28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər.

HİT.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma oteldə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, dağlıq ərazidə yerləşən və səfalı meşələrlə əhatə olunan “Basqal Resort & Spa” oteli 179 otaq və lüks nömrələrdən, üçotaqlı 4 kottecdən və isidilən açıq hovuzlu 1 kottecdən ibarətdir.

Qonaqlar dünya mətbəxinin və milli mətbəximizin təamlarını təqdim edən müasir və möhtəşəm “SƏDƏF” restoranının yeməklərindən həzz alıb, dağlara və mənzərəli guşələrə açılan “MÜCRÜ LOBBY LOUNGE”da zərif və ənənəvi Azərbaycan çayından içərək dincələ bilərlər. Həmçinin “VİTAMİN BAR”da sərin hovuz ətrafında əylənərək və qəlyanaltılardan dadaraq gününü mənalı keçirəcək, meşələrlə əhatələnmiş “PALID CAFE”nin xoş mühitli söhbətgahlarında ailə və dostlarla gözəl anlar yaşayacaq və ya “RAST”ın bənzərsiz atmosferində heyrətamiz mənzərələrdən və qeyri-adi mətbəxdən zövq alacaqlar.

Qeyd edilib ki, “KIDS CLUB” hər yaşda əyləncə axtaran uşaqlar üçün qapalı məkanda və açıq havada oyun meydançaları olan ideal yerdir. Burada peşəkar animasiya komandası gün ərzində uşaqların asudə vaxtının səmərəli və əyləncəli keçirilməsini təmin edəcək. “LİMON CAFE”də balaca qonaqlara müxtəlif ləzzətli təamlar təklif olunacaq. “ECAZ” zalı bol çeşidli açıq bufetdə şirniyyatlar, yerli və dünya mətbəxinin isti yeməklərini təklif edən dəbdəbəli restoran, həmçinin toy, təntənəli günlərin keçirilməsi üçün 500-ə qədər qonağı rahatlıqla qəbul edə biləcək möhtəşəm məkandır. Otelin qonaqları “HAZE Club & Karaoke Lounge”da peşəkar barmenlərin hazırladığı məşhur kokteyllərdən və ləzzətli qəlyanaltılardan dada bilərlər.

Diqqətə çatdırılıb ki, “NİYAL SPA” geniş sahədə yerləşən 4 prosedur otağı, massaj otağı, 2 türk hamamı, 2 fin saunası, 2 buxar otağı, istirahət zonası və yay terrası ilə qapalı üzmə hovuzu təklif edir.

“Basqal Resort & Spa”nın 120 nəfərlik “Hələbi” və “Heyrati” konfrans zallarında biznes konfrans, seminar və tədbir keçirmək üçün hər cür şərait yaradılıb. Həmçinin açıq havada tədbirlərin keçirilməsi üçün burada geniş imkanlar mövcuddur.

Bildirilib ki, otelə gələn qonaqlar İsmayıllı rayonunun ərazisində çoxsaylı gəzinti, yürüş və velosiped cığırlarından yararlana bilərlər. “Basqal Resort & Spa” təbiətin qoynunda istirahət və əyləncə dolu yeni məkandır.

13.54

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda "Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.

HİT.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma qoruq ərazisində görülən işlər barədə məlumat verilib.

12.26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də İsmayıllı rayonunda "Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər.

Hit.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

0