Bakıda məşhur şirkətin əməkdaşları DOST Mərkəzindən oğurluq etdi

İQTİSADİYYAT
11:52 / 28.08.2022
1319

Daxili İşlər Nazirliyi (DİN) Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şirkətlərin birinə məxsus inşa olunan binadan 10 400 manat dəyərində elektrik naqilləri oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini K.Məmmədov, Masallı rayon sakini M.Ağamalıyev və Tovuz rayon sakini İ.Camalov saxlanılması ilə bağlı məlumat yayıb. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) üçün yeni inşa olunan Xətai Mərkəzində baş verib. 

Xətai DOST Mərkəzinin tikintisi “Kristal Abşeron” şirkəti tərəfindən aparılır. Oğurluq hadisəsi də “Kristal Abşeron” şirkətinin mühafizəçiləri tərəfindən törədilib. 

Belə ki, mühafizəçilərin yeni inşa edilən binanın elektirik naqillərini müxtəlif günlərdə oğurlayaraq apardığı iddia edilir. Hazırda hadisə ilə bağlı istintaq aparılır.

Qaynarinfo məsələ ilə bağlı "Kristal Abşeron" şirkətinə müraciət edib. Şirkətdən sorğuya cavab olaraq bildirilib: 

"Sorğunuz üçün təşəkkür edirik. Əvvəla məlumat vermək istəyirik ki, Xətai rayonu, Mehdi Mehdiyev küçəsi 54 ünvanındakı binanın tikintisi "Diadem" QSC tərəfindən uğurla həyata keçirilir.

25.08.2022 tarixində hazırda tikintisi davam edən binada podratçı şirkətin nümayəndələri tərəfindən oğurluq hadisəsi törədilib. Hadisə nəticəsində Cəmiyyətə 10400 AZN məbləğində zərər hesablanıb. Bununla bağlı aiddiyyatı qurumlara məlumat verilib və hazırda araşdırmalar davam edir.

Hörmətlə, "Diadem" QSC
İctimaiyyətlə əlaqələr şöbəsi".

0