Enerji savaşı: Rusiya son kozırını oynadı, Qərb isə özünə çox arxayın görünür...

İQTİSADİYYAT
10:43 / 03.09.2022
1637

“Böyük yeddilik” ölkələri (G-7) Rusiya nefti üçün maksimal qiymət həddi müəyyənləşdirəcək. Qərar ABŞ, Kanada, Britaniya, Almaniya, Fransa, İtaliya, Yaponiya maliyyə nazirlərinin və bank təmsilçilərinin toplantısında qəbul olunub. Qərara əsasən müəyyənləşdiriləcək qiymətdən (gözlənildiyinə görə, 40-60 dollar arası) daha yuxarı qiymətə satılacaq Rusiya xam neftinin, eləcə də neft məhsullarının dəniz yolu ilə daşınması əngəllənəcək. (Rusiya təkcə neftdən yox, neft məhsulları ixracından da ciddi gəlir əldə edir, 2021-ci ildə bu gəlirlər 70 milyard $ həcmində gerçəkləşib.) 

Qərb Rusiya neftinin təyin olunacaq qiymətdən baha satılmasını əngəlləmək üçün hansı mexanizmə malikdir?  

Başlıca mexanizm Rusiya neftini daşıyan gəmilərə (tankerlərə) sığorta xidmətlərinin göstərilməsini dayandırmaqdır. Bu xidmətləri həyata keçirən əsas beynəlxalq qurum (International Group of P&I Clubs - IG P&I) Londonda yerləşir. Həmin klubda təmsil olunan 13 qurumdan 7-si Britaniya, digərləri ABŞ, Yaponiya, Skandinaviya ölkələrinin şirkətləridir. Onların sığorta xidmətləri dünya tanker donanmasının 95%-ni əhatə edir. Sığorta və təkrar sığorta bazarı (Lloyd's of London) da Britaniyada yerləşir. Sığortasız tankeri heç bir liman qəbul etmədiyindən, bu cür xidmət çox vacib şərt sayılır. (Buradan bir daha anlamaq olar ki, Azərbaycan hakimiyyəti heç vaxt Qərblə münasibətlərini pozmaz və belə bir lüksə sahib də deyil.)     

Qeyd etmək lazımdır ki, Rusiya nefti son aylar sanksiya olmadan da diskontla satılır. Məsələn, ötən ay (iyul) Brent neftinin orta qiyməti 102 dollar olduğu halda, Rusiyanın Urals neftinin orta qiyməti 78,41 dollar təşkil edib. Əslində bu da yüksəkdir və Moskvanın gəlirlərinin artmasını təmin edir. Bu səbəbdən G-7 ölkələri yuxarı qiymət həddi müəyyən etməyə qərar veriblər ki, Rusiya nefti bir tərəfdən satılmağa davam etsin və bazarda təklif azalmasın, eyni zamanda Moskva böyük gəlirlər əldə edə bilməsin. Dövlət aparatı və qanqsterlərin simbiozundan ibarət mafioz Putin rejimi əlbəttə ki, sanksiya tədbirlərindən yayınmaq üçün müxtəlif sxemlərə əl atacaq, belə bir qabiliyyəti və imkanları var. Məsələn, Urals neftini başqa neftlə qarışdırıb, fərqli adla satmaq istisna deyil və sair... Hər halda, həm G-7-nin qərarının, həm də buna qarşı Rusiyanın alacağı tədbirlərin nə qədər effektiv olacağını zamanla görəcəyik. (Qərar 5 dekabrdan qüvvəyə minir.)  

Bu gün (dünən) Rusiya qəza bəhanəsi ilə “Şimal axını-1” kəməri vasitəsilə Avropaya təbii qaz nəqlini dayandırdı. Bu, şübhəsiz ki, açıq siyasi şantajdır, məqsəd Avropa Birliyinin iradəsini “sındırıb”, onu ABŞ-la blok şəklində hərəkət etməkdən çəkindirmək və Qərbin Ukrayna məsələsində vahidliyini pozmaqdır. Lakin artıq zaman dəyişib və AB Putinin şantajına boyun əymək niyyətində deyil. Artıq Almaniya hökuməti əvvəl fəaliyyəti dayandırılmış, kömürlə işləyən İES-lərin işini bərpa edir. Belə bir hadisənin baş verəcəyi qısa müddət əvvələ qədər təsəvvür edilə bilməzdi – özü də yaşılların hökumətində. Hətta “Greenpeace” də qərarı anlayışla qarşılayıb. Avropada qaz anbarları 80-90% həcmində dolub. Bununla yanaşı, AB qənaət tədbirləri də həyata keçirir. Almaniya Rusiyadan asılılığı azaltmaq üçün əvvəl 4 ədəd üzən LNG terminalı sifariş etmişdisə, indi bunların sayını 6-ya çatdırmağa qərar verib. Terminalların sistemə qoşulması bu ildən başlayaraq 1,5 il ərzində başa çatdırılacaq. Bu terminalların hər biri 5 milyard kubmetr qaz verəcək, müqayisə üçün deyək ki, 2021-ci ildə Almaniya Rusiyadan 48,2 milyard kubmetr qaz alıb. Yəni çox yaxın gələcəkdə rus qazının əsas alıcısı olan Almaniya bu asılılığa son qoyacaq. (Angela Merkel 17 il ərzində Rusiyadan enerji asılılığını artırmaq yönündə siyasət aparıb.) 

Fransa hökuməti isə ölkənin Atom Elektrik Stansiyalarında fəaliyyəti dayandırılmış bütün reaktorları ilin sonuna qədər işə salmaq barədə qərar qəbul edib. Yaponiya hökumətinin Fukuşima fəlakətindən sonra dayandırdığı AES-lərin fəaliyyətini bərpa etmək və yaxın gələcəkdə yeni reaktorlar işə salmaq barədə qərarı da diqqətəlayiqdir.   

Çətini bu qışı yola verməkdir. Putinin gümanı budur ki, avropalılar rahatına düşkün, hedonist adamlardır və qışda evlərində, ofislərində, barlarda hərarətin azalmasına, üstəlik, qiymətlərin də artmasına dözə bilməyəcəklər. Almaniyanın xarici işlər naziri Annalena Berbok isə bildirib ki, hətta ölkə əhalisi küçələrə çıxıb, etiraz etsə belə, onlar mövqelərini dəyişməyəcəklər və Ukraynaya dəstəyi davam etdirəcəklər. (Yaşıllar hazırda sorğularda xristian birlik blokundan sonra 2-ci sıradadır.)  

Rusiya enerjidən silah kimi istifadə etmək imkanlarının sonuna yaxınlaşır. Bu silah onun əlindən çıxmaqdadır. 

Rusiya bu gün artan enerji qiymətlərindən faydalansa da, strateji baxımdan itirən tərəfdir. O, artıq Avropanın strateji enerji tədarükçüsü rolundan məhrum olur və gələcəkdə bir daha bu rolunu bərpa edə bilməyəcək. 

Rusiya bütün dünyanın gözü qarşısında qaz şantajına əl ataraq tamamilə etibarsız, güvənilməz tərəfdaş olduğunu öz əməlləri ilə nümayiş etdirir. 

Rusiya həm enerji, həm də nüvə silahı şantajından istifadə etməklə bütün kartlarını indidən açıb və başqa gedişi qalmayıb. Qərb isə poker oyunçusu təmkini ilə hərəkət edir və Ukraynanın silahlandırılmasında hələ ki öz imkanlarının ən minimal səviyyəsini reallaşdırıb. 

Bu proseslərin yekununda Rusiya qlobal enerji, eləcə də silah bazarındakı mövqelərini itirəcək, onun beynəlxalq nüfuzu ciddi şəkildə zədələnəcək və nəticədə qlobal geosiyasətdəki çəkisini itirərək orta ölçülü regional güc səviyyəsinə düşəcək.  

Bir dövrün sonuna yaxınlaşırıq...

Şahin Cəfərli

0