Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycanın ən böyük içki istehsalçılarından olan "PepsiCO Azerbaijan” MMC barəsində cərimə protokolu tərtib edib.
Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci maddəsi ilə ittham edilir. DGK bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. İş hakim hakim Azər Tağıyevin icraatındadır.
İXM-nin 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
"PepsiCO Azərbaijan” MMC 2015-ci ildə qeydiyyatdan keçib. Şirkətin nizamnamə kapitalı 2.8 milyon manatdır. 2017-ci ildən etibarən "Pepsi” məhsulları Qəbələdə yerləşən Qəbələ Konserv Zavodunda "PepsiCo” şirkətinin lisenziyası əsasında "Aqua-Minerale" suları, "Drive Me" enerji içkiləri, "Mirinda" qazlı içkiləri istehsal olunur. Xüsusən "Pepsi Light", "Pepsi Twist", "Pepsi Max", "Pepsi Cherry", "Pepsi Regular" məhsulları bura daxildir.
"PepsiCO Azerbaijan” MMC "PepsiCO”nun törəmə şirkətidir.
Maraqlıdır ki, DGK 2020-ci ildə də "PepsiCO Azerbaijan” MMC barəsində İXM-in 485.2-ci maddəsi ilə cərimə protokolu tərtib edib.