Növbəti həftədən etibarən Azərbaycanda yeni tədris ili start götürəcək. Ali və orta məktəblərin açılmasına bir neçə gün qalsa da, artıq paytaxt Bakıda şəhərin bütün istiqamətlərində sıxlıq müşahidə edilir. Sentyabrın 15-dən sonra tıxacların dözülməz olacağı şübhə doğurmur. Bakının illərdir həllini tapmayan tıxac problemindən çıxış yolu kimi ali təhsil ocaqlarının paytaxtdan bölgələrə köçürülməsi təklif olunsa da, bu proses hələ ki reallaşmayıb. Ehtimal olunur ki, yaxın illərdə universitetlərdən bir neçəsi işğaldan azad olunmuş bölgələrə köçürülə bilər.
Bəs, ali məktəblərin köçürülməsi Bakının tıxac problemini həll edə bilərmi?
Bu barədə Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bəzi universitetlərin köçürülməli olduğunu diqqətə çatdırıb.
Deputat deyib ki, bütün universitetlərin yox, bəzilərininin bölgələrə köçürülməsi məsələsinə baxıla bilər:
"İndi Qarabağın yenidənqurulması prosesinin getməsi bu mənada fürsətdir ki, biz universitetlərin bəzilərini indidən planlaşdırıb, gələcəkdə o ərazilərə köçürək. Burada çıxış yolu yalnız universitetlərin Bakıdan köçürülməsi deyil. Eyni zamanda biz bölgələrdə də yeni universitetlərin açılması barədə düşünməliyik. Bununla da məsələnin öhdəsindən gələ bilərik. Onu da qeyd etmək lazımdır ki, tıxac və sıxlığın səbəbi yalnız universitetlərin şəhərin mərkəzində yerləşməsi deyil. Burada nəqliyyat vasitələrinin düzgün istifadə edilməməsi faktoru da var. Eyni zamanda, nəzərə almaq lazımdır ki, əhalinin böyük hissəsi Bakıda yaşayır. Bu, özü də təsiredici amildir. Biz bölgələrdə yeni iş yerləri yaratmaqla insanların öz rayon və kəndlərinə qayıtmasını təmin etməliyik”.
Ceyhun Məmmədovun fikrincə, universitetlər şəhərcik formasında inşa edilməlidir:
“İnşa olunan universitetdə mütləq yeməkxana, yataqxana və kitabxana olmalıdır. Misal üçün, Türkiyənin bölgələrində bizim bəhs etdiyimiz sıxlığın olmamasının səbəbi məhz budur. Yəni tələbənin eyni yerdə həm yaşaması, həm yemək yeməsi, həm də oxuması nəqliyyatda hansısa problemin yaranmasının qarşısını alır. Ancaq bizdə universitetlərin əksəriyyətinin yataqxanası yoxdur. Bu da tələbələr dərsə gedib-gələndə bizim üçün müəyyən sıxlıqlar yaradır. Universitet korpuslarının şəhərin mərkəzində yox, şəhərdən bir qədər kənarda inşa olunması nəzərə alınmalıdır. Biz bu incəlikləri nəzərə almalıyıq ki, məsələni tənzimləyə bilək”.
Deputat Müşfiq Məmmədli isə bildirib ki, dünya praktikasında reytinqdə ilk sırada olan universitetlər tədrisi yataqxana, korpuslar və təcrübə sahələrinin bir yerdə olduğu kampuslarda həyata keçirməyə üstünlük verir. Bununla da həm tələbələrin vaxt itirmə problemi aradan qalxır, həm də onlar yaxşı təcrübə keçirə bilir:
“O cümlədən, yataqxana məsələsi öz həllini tapmış olur. Bizim bu modellə fəaliyyət göstərən universitetlərimiz var. Bakı Ali Neft Məktəbi və ADA-nı misal kimi göstərmək olar. Mən kampus şəklində təhsilin bizdə tətbiq edilməsinin tərəfdarıyam. Çünki bu model dünya praktikasında geniş yayılıb və effektiv olub. Mən bir məsələni də qeyd edim ki, xüsusilə Avropa ölkələrində artıq istehsalatın içərisində yerləşmiş universitetlər mövcuddur. Yəni birbaşa istehsal müəssisələri ilə kombinə olunmuş 4-cü nəsil universitetlərə də yer verilir. 4-cü nəsil universitetlər daha irəli modeldir. Burada üstünlük birbaşa istehsalatda nəzəriyyənin tətbiq edilməsidir. Bunun bizdə tətbiq edilməsi isə hələlik mümkün deyil".
M.Məmmədli universitetlərin gələcəkdə işğaldan azad olunmuş ərazilərə köçürülməsi məsələsinə də toxunub:
“Əlbəttə, mövcud universitetləri gələcəkdə işğaldan azad edilmiş ərazilərə köçürmək olar. Buna bölgənin kifayət qədər sıx olması şərait yaradır. Qarabağ və Şərqi Zəngəzura qayıdışdan sonra tələbələrin orada təhsil alması, həm də bölgənin inkişafı baxımdan bu istiqamətdə addımlar atıla bilər. Onu da vurğulayım ki, Ağdamda Qarabağ universitetinin açılması istiqamətində planlar var”.