Sabiq baş nazirinin polkovnik oğlu işdən niyə çıxarıldı? - Komitə təsdiqlədi, biznes və pozuntular...

11:45 / 27.12.2022
1200

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Mehman Sadıqovun işdən çıxarılması təsdiqlənib. 

Bu barədə Qaynarinfo-ya Dövlət Gömrük Komitəsindən verilən məlumatda bildirilir ki, Mehman Sadıqov xidmət müddətinin başa çatması ilə əlaqədar təqaüdə göndərilib. 

Qaynarinfo bir neçə gün əvvəl Hava Nəqliyyatında Baş Gömrük İdarəsində yoxmalar aparılması ilə bağlı məlumat yaymışdı. Yoxalama zamanı Baş İdarə rəisi, polkovnik Mehman Sadıqovun rəhbərlik etdiyi dövr təftiş edilib. Aparılan araşdırma zamanı məlum olub ki, bir sıra karqo məhsulların gömrükdən yayınma halları da aşkarlanıb. 

Pozuntulara görə İdarənin xeyli sayda əməkdaşına töhmət verilib və xəbərdarlıqlar edilib. Mehman Sadıqov isə təqaüdə göndərilib. 

Qeyd edək ki, Naxçıvanın sabiq Baş naziri Ələsgər Sadıqovun oğlu olan Mehman Sadıqovun gömrükdə əldə etdiyi qeyri-leqal pullarla özünə böyük biznes qura bilib. Onun xarici ölkələrdə otellər şəbəkəsinin olduğu deyilir. Bununla yanaşı, Bakıda bir sıra məşhur karqo şirkətlərinin sahibidir. Həmin karqo şirkətlərdə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılması ilə bağlı da məlumatlar var. 

Xatırladaq ki, Mehman Sadıqov Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə bu ilin yanvar ayının 1-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Böyük maddi imkanlara malik olan polkovnik daha öncə Tovuz Gömrük İdarəsinin rəisi və Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini işləyib.

Onu da bildirək ki, karqo daşımaçılıqla məşğul olan Vadi.az-da sabiq gömrük sədri Səfər Mehdiyevə məxsus olub. O, vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Vadi.az əlindən alınıb və karqo qiymətləri yüksəlib.

0