BŞİH 2 nəfərin 4 şirkətinə tender verdi: Yeni yaranan MMC-lər kimindir?

İQTİSADİYYAT
13:19 / 27.12.2022
1144

Bakı Şəhər İcra Hakimiyyəti ümumi maliyyə dəyəri 182 304.04 AZN olan 4 satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilələrə "AK Fergan Company" MMC, "Limdman Company" MMC, "Kaskan Group” MMC və "Berg Gold Company" MMC ilə bağlanıb. 

Müqavilələrdə müvafiq ardıcıllıqla "Yanacaq və sürtkü materiallarının alınması” paraqrafına və "Nəqliyyat vasitələrinin cari təmir xərcləri” maddəsinə aid olan malların işlərin və xidmətlərin satınalınması”, "digər malların alınması” paraqrafına və "Maşın və avadanlıqlar” maddəsinə aid olan malların işlərin və xidmətlərin satınalınması”, "İstehlakyönlü müxtəlif xidmətlər” maddəsinə aid olan katriclərin doldurulması üçün malların işlərin və xidmətlərin satınalınması”, "Mətbəə məhsulları üzrə xərclər” və "Sair torpaq, tikili və avadanlıqlar” paraqrafına aid olan malların işlərin və xidmətlərin, o cümlədən "Dəftərxana və təsərrüfat xərcləri” paraqrafına aid printerlər üçün katriclərin satınalınması” nəzərdə tutulur.

İndi isə Bakı Şəhər İcra Hakimiyyətinin müqavilə bağladığı şirkətlər barədə məlumatları təqdim edirik.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "AK Fergan Company” MMC 20 iyul 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, 20 yanvar küçəsi, ev 1, mənzil 25-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əhmədov Xəyal Şahsuvar oğludur. 

Göründüyü kimi "AK Fergan Company” MMC 5 aydır ki, yaranıb. Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. 

Xəyal Əhmədova gəlincə, o həm də, "Berg Gold Company" MMC-nin də qanuni təmsilçisidir. Bu şirkətin də nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı isə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 30, mənzil 8-də yerləşir. Maraqlıdır ki, "Berg Gold Company” MMC "AK Fergan Company”dən bir gün sonra yəni, 21 iyul 2022-ci ildə qeydiyyata alınıb. 

Bakı Şəhər İcra Hakimiyyətinin müqavilə imzaladığı digər iki şirkətə gəlincə, onların da qanuni təmsilçisi eyni şəxsdir. Reyestr məlumatlarında göstərilir ki, "Limdman Company" MMC 4 oktyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cavad xan küçəsi, ev 34, mənzil 31-də yeləşir. MMC-nin qanuni təmsilçisi Abdinova Nərgiz İbad qızıdır.  

"Kaskan Group” MMC-yə gəlincə, Nərgiz Abdinovun qanuni təmsilçisi olduğu bu şirkət də "Limdman Company” MMC ilə eyni tarixdə yaranıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 138, mənzil 41-də yerləşir. 

Araşdırmalarımız zamanı bəlli olub ki, Nərgiz Abdinovanın adına daha bir şirkət var - "Family 22 FN” MMC. Bu şirkət də digər iki MMC ilə eyni gündə yaranıb. 

Bütün bunlar isə Bakı Şəhər İcra Hakimiyyətinin satınalma müqaviləsi imzaladığı bu şirkətlərin sadəcə tender əməliyyatlarında istifadə edilməsi üçün yaradılmasına şübhələri artırır. 

Yeri gəlmişkən, sözügedən şirkətlərlə satınalma müqaviləsi imzalanması "Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun gəlmir. Qanunun 6.2.1-ci maddəsində qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığın olması lazımdır. 

Yeni yaranan və haqqında heç bir məlumat olmayan bu şirkətlərin qanunun tələblərinə cavab verdiyi inandırıcı görünmür.
 
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur.

0