"Biznesmen məmur" BTK-da qanunsuz tikintiləri necə aparır? - İcarə haqları da vergidən yayındırılır... (FOTOFAKT)

İQTİSADİYYAT
16:37 / 28.12.2022
1367
Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun müşaviri Şahin İbadovun rəhbərlik etdiyi "Bakı Tikinti Kosntruksiya" Qapalı Səhmdar Cəmiyyətində ciddi korrupsiya halları ortaya çıxıb. 
 
Etibarlı mənbədən Qaynarinfo-ya verilən məlumata görə, Şahin İbadovun rəhbəri olduğu QSC-də qeyri-qanuni tikililər də mövcuddur. İddia edilir ki, BTK ərazisində heç bir rəsmi dövlət orqanı tərəfindən razılaşdırılmadan qeyri-qanuni soyuducu anbarlar tikdirilib. 
 
Bu azmış kimi, sözügedən anbarlar sahibkarlara yüksək məbləğdə icarəyə verilir. İcarədən yığılan vəsaitin çox cüzi hissəsi isə vergi və digər dövlət rüsumlarına yönəldirilir.
 
 
Ərazidə yerləşən anbarlar, üstəlik buradan yığılan icarə haqqı qeyri-qanunidir, rəsmi bəyan olunan hissəsi çox cuzidir və realıqdan fərqlənir. 
Nəticədə bu BTK-nın gəlirlərin gizlədilməsinə, birbaşa vergi və digər dövlət rüsumlarının ödənişlərindən yayındırılmasına gətirib çıxarır. 
 
Mənbənin verdiyi məlumata görə, bir il öncə ərazidə növbəti qeyri-qanuni tikinti aparılıb. Nərimanov rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən tikinti işləri dayandırılıb. Hətta tikinti işləri sonuncu dəfə polisin müdaxiləsindən sonra dayandırılıb.
 
Mənbə qeyd edir ki, bu ilin sentyabr ayından başlayaraq, FHN-nin və digər dövlət qurumlarının rəsmi razılığı olmadan QSC-nin ərazisində yenidən qanunsuz əsaslı tikinti işləri davam etdirilib.
 
 
06.09.2002-ci ildə yaradılan, nizamnamə kapitalı 205092 manat olan, Nərimanov rayonu, Dərnəgül S/Zonası, 507-ci küçə, ev 2096-da qeydiyyatda olan "Bakı Tikinti Kosntruksiya" QSC-nin hər hansı bir veb-saytı, ünvanı və əlaqə nömrəsi ictimaiyyətə təqdim edilməyib. 
 
Bu səbəbdən BTK ilə əlaqə saxlamaq mümkün olmasa da, məsələ ilə bağlı Nərimanov rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Üzərindən bir neçə gün keçməsinə baxmayarq, hələ də sorğulara cavab verən olmayıb.
 
0