Məşhur "8-ci kilometr bazarı” uğrunda yenidən mübarizə başlayıb.
Qaynarinfo xəbər verir ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı, bu qurumun Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarovun müsadirə olunmuş əmlakları siyahısında bu bazarın bir hissəsi də var idi. Bakı Apellyasiya Məhkəməsində Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Akif Çovdarovun müsadirə olunmuş əmlaklarının, o cümlədən "8-ci kilometr bazarı”ndakı paylarının geri qaytarılması barədə qərar çıxarıb.
Lakin deyəsən, Çovdarov bazardakı paylarını geri ala bilməyəcək. Çünki bazarın keçmiş sahibi Çingiz Əsədov Ali Məhkəməyə kassasiya şikayəti verib.
"8-ci kilometr bazarı” uğrundan mübarizə uzun illərdir ki, davam edir. Bazarın əvvəlcə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin nəzarətində olduğu deyilir. Fərhad Əliyev 2005-ci ildə MTN tərəfindən həbs ediləndən sonra bazar Akif Çovdarovla o zaman milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsində çalışan Hilal Əsədov arasında bölünüb.
Akif Çovdarovun məhkəməsində bazarın ələ keçirilməsinin detalları üzə çıxıb. Məlum olub ki, Fərhad Əliyev həbs ediləndən iki ay sonra MTN-nin əməkdaşları bazara basqın edib. Həmin vaxt bazarın sahibi olan Qəhrəman və Cəfər Səfərov qardaşları MTN-ə aparılıb. Səfərov qardaşlarına bildirilib ki, Fərhad Əliyev onların vasitəsi ilə bazarı zorla Çingiz Əsədovun əlindən alıb. Lakin Cəfər Səfərov məhkəmə istintaqı zamanı ifadəsində deyib ki, o, bazarı Çingiz Əsədovdan pulla alıb.
Çovdarov isə iddia edib ki, Çingiz Əsədov bazarı Səfərov qardaşlarından 300 min dollara geri almağa və şikayətindən imtina etməyə razılaşıb. Lakin sonradan deyib ki, bu qədər pulu yoxdur və bazarı geri ala bilmir: "Ona görə də bu məsələ MTN rəhbərliyinə məruzə olundu. Rəhbərlik tərəflərin hər ikisinin (Cəfər Səfərov və Çingiz Əsədovun) halallığı alınmaqla, mən və Hilal Əsədovun pulu ödəyib bazarı satın almağımızı təklif etdi...".
Lakin Çingiz Əsədov Ali Məhkəməyə şikayət etdikdən sonra mediaya verdiyi açılamasında MTN-də ona təzyiq edildiyini bildirib. O, əmlakının geri qaytarılmasını tələb edir.
Akif Çovdarovun əmlaklarının geri qaytarılması ilə bağlı qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bu məsələ ilə bağlı aparılan müzakirələrdə ağır cinayətlərdə ittiham edilən Çovdarovun cinayət yolu ilə əldə etdiyi əmlaklarının geri qaytarılması məhkəmə-hüquq sistemindəki özbaşınalıqla izah edilib və bu məsələnin araşdırılması tələb olunub. Bu situasiyada Çingiz Əsədovun Ali Məhkəməyə şikayət etməsi Akif Çovdarov üçün ciddi problemə çevrilə bilər. Digər tərəfdən, bu məsələdə MTN işində məsuliyyətdən kənarda qalan Hilal Əsədov da hədəfə gələ və bazardakı payını itirə bilər.
Akif Çovdarov 2015-ci ilin oktyabrında MTN-də keçirilən əməliyyat nəticəsində həbs olunub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilən Çovdarov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb.