Bakıda istismara qəbul olunmamış 67 binanın aqibəti necə olacaq?

İQTİSADİYYAT
11:19 / 09.02.2023
759

“Bu gün istismara qəbul olunmamış çoxmənzilli binalardan yalnız 67-si qalıb”.

Bunu APA-ya müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.

Elxan Əsədov deyib ki, vaxtilə belə binalar həm Bakı şəhərində, həm də respublikanın digər ərazilərində çox idi: 

“Hətta sovet dövrünün son illərində tikintisi tam başa çatmamış və ya başa çatsa da, lakin istismara qəbul edilməmiş binalar tikilib. Həmçinin müstəqilliyimizin ilk illərində iqtisadi vəziyyətimizin yaxşı olmadığı və qanunvericilik bazamızın təkmil olmadığı dövrdə də çoxsaylı tikintilər aparılıb. Həmin binalar demək olar nəzarətsiz şəkildə inşa edilmişdi və istismara qəbul edilmədən məskunlaşma aparılmışdı. 

Fövqəladə Hallar Nazirliyi yaranandan sonra bu işlərin qarşısı müəyyən qədər alınmağa başlandı. 2019-cu ildə istismara qəbul olunmamış, lakin məskunlaşdırmalar aparılmış binaların sadələşdirilmiş istismara qəbulu haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı oldu. Ondan əvvəl də araşdırmalar aparılmışdı. Bir daha dəqiqləşdirəndə biz gördük ki, 500-ə yaxın belə bina və kompleks var. Bəzilərinin heç icazə sənədləri də yox idi. Onların əksəriyyətinin qüsurları aradan qaldırılmaqla istismara qəbulu təmin olundu. Bu zaman çox böyük işlər aparıldı. Elə komplekslər var idi ki, onlar 7-8, hətta 10 binadan ibarət idi. 

Bu gün istismara qəbul olunmamış çoxmənzilli binalardan yalnız 67-si qalıb. Bu da onunla əlaqədardır ki, həmin binaları tikən şəxslərin bəziləri bu gün həyatda yoxdur, bəziləri də müxtəlif cinayət əməllərinə görə, məhkum olunublar. Beləliklə, qüsurları aradan qaldırmağa heç kim yoxdur. Bu binalardakı qüsurları aradan qaldırmadan istismara qəbulu haqqında qərar verilə bilməz. Bu binalar haqqında bütün məlumatlar, o cümlədən qüsurların aradan qaldırılması üçün xərclər barədə məlumatlar yuxarı orqanlara təqdim olunub. Yəqin ki, gələcəkdə həmin 67 bina barədə də hansısa addımlar atılacaq”.

0