Bakıda bir evin tikilməsi üçün nə qədər pul xərclənir? - QİYMƏTLƏR

İQTİSADİYYAT
15:30 / 13.02.2023
1068

Türkiyədə baş verən əsrin fəlakəti Azərbaycanda da bina evlərinə olan inamı nisbətən azaldıb. Qardaş ölkədə minlərlə insanın həyatına son qoyan zəlzələ zamanı binaların bir anda dağılması Azərbaycanda hündürmərtəbəli binada yaşayanları təlaşa salıb.

BAKU.WS-in məlumatına görə, binalarda yaşamaq təhlükəsi ölkədə həyət evlərinə olan marağı xeyli artırıb.

Sosial şəbəkədə gedən müzakirələrdən belə aydın olur ki, vətəndaşlar fərdi yaşayış evi almaq barədə ciddi fikirləşməyə başlayıblar. Hətta bu istiqamətdə bəzi şəxslərin addımlar atdığı və həyət evləri almaq üçün hərəkətə keçdiyi bildirilir.

Ölkədə həyət evlərinə olan marağı nəzərə alaraq fərdi yaşayış evlərinin qiyməti və onların tikilməsi üçün nə qədər pul xərcləndiyini araşdırmaq qərarına gəldik. Bununla bağlı ölkədə tikinti üzrə ekspert Emin Qasımova müraciət etdik.

Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda Bakıda istənilən qiymətə həyət evləri tapmaq mümkündür. Bu məsələdə əsasən evinin çıxarış sənədinin olması və hansı ərazidə yerləşməsi rol oynayır:

"Həyət evləri alınarkən onun çıxarışının olması qiymətinə təsir edən əsas amildir. Əgər bir torpağın çıxarışı varsa, onun qiyməti çıxarışsız topraqdan 50 faiz baha olur. Təbii ki, burada torpağın hansı rayon ərazisində yerləşməsi də rol oyanyır. Buna görə, qiymətlər dəyişə bilər.

Mərkəzə yaxın ərazilərdə torpağın sotunun qiyməti 20 min - 80min arası dəyişir. Daha mərkəz ərazilərdə bu qiymət 2-5 dəfə bahalaşır.

Ekspert vətəndaşların Bakıətrafı qəsəbələrdən fərdi ev almaq istəyərkən 40-80 min arası pul xərclədiyini əlavə edib:

"Bu ərazilərdə torpağın sotu 5 min - 20 min arası yola yaxın olmasına görə dəyişir. Həmin kavdratından asılı olaraq birmərtəbəli və ikimərtəbəli ola bilir.

O ki qaldı vətəndaşların 3-4 otaqlı ev tikdirmək üçün nə qədər pul xərcləməli olmasına, bu məsələdə bir evin tikilməsi və dam örütüyünün vurulmasına 1 kvadrat metr üçün 270-280 AZN xərclənir. 100 kavdrat metrlik evin tikilməsi üçün 27-28 min AZN lazımdır.

Növbəti mərhələdə evin təmiri gəlir ki, burada da istəkdən asılı olaraq qiymət dəyişir. Lakin təmir sadə şəkildə edilərsə, onda əlavə kvadrat metrəsi üçün 200-300 AZN tələb olunur. Bir evin tam təmirli tikilib başa çatdırılması üçün ümumilikdə 50 min-60 min AZN gərəkdir".

0