Manat üzərindən “qara buludlar” çəkildimi? - AÇIQLAMA

İQTİSADİYYAT
18:00 / 26.05.2020
1426

Dünya neft bazarında ləng də olsa, qiymət artımı davam edir. Bu gün səhər proses Rusiyadan gələn xəbərlər fonunda bir qədər sürətlənib. Belə ki, Rusiyanın energetika naziri Aleksandr Novak bazarla bağlı pozitiv ruhda açıqlama verib. Bildirib ki, dünyada hasilatda ixtisar o qədər genişdir ki, artıq gələn ay bazar təklif artıqlığından tamamilə qurtulacaq. Nazirin sözlərinə görə, hazırda hasilat OPEK+ çərçivəsində nəzərdə tutulandan daha çox həcmdə azaldılıb.

Rusiyalı nazirin açıqlaması bazarda qiymətlərin 3,7 faiz yüksəlməsinə səbəb olub. Ümumiyyətlə, “Bloomberg” agentliyi qeyd edir ki, may ayı ərzində qiymətlər 80 faizə yaxın bahalaşıb. Buna daha çox hasilatın azaldılması nəticəsində bazarda tələb artıqlığının tədricən azalması səbəb olub. Beynəlxalq Enerji Agentliyi hesab edir ki, dünyada neft istehlakı pandemiyadan əvvəlki səviyyəyə çatacaq. Lakin bir çox analitiklər həmin istehlak səviyyəsinin daha heç vaxt müşahidə olunmayacağı qənaətindədirlər. Ötən il dünya üzrə gündəlik neft istehlakı 100 milyon barel idi. Enerji sektorunun bəzi nümayəndələri bunun pik hədd olduğunu və getdikcə neft istehlakının azalması prosesinin müşahidə olunacağını bildirirlər. Qeyd olunur ki, koronavirus pandemiyası bütün dünyada həyat və iş tərzinin dəyişməsinə gətirib çıxarıb: evdən işləmək təcrübəsi getdikcə genişlənəcək, insanlar xarici səfərləri minimuma endirəcəklər.

“VI Investment Corp.” şirkətinin xammal bazarları üzrə analitiki Uill Sunqçil Yun “Bloomberg”ə deyib ki, bazar hasilatın azaldılmasının effektini hiss etməkdədir: “Dünya iqtisadiyyatı bərpaya doğru gedir və həm istehsal azalır, həm də ehtiyatlar. Lakin koronavirusa qarşı effektiv müalicə, dərman hələ tapılmadığı və infeksiyanın ikinci dalğasının yaranması ehtimalı böyük olduğu üçün ehtiyatlı olmaq lazımdır”.

Göründüyü kimi, neft bazarında və dünya iqtisadiyyatında bərpa prosesi getməkdədir. Elə Azərbaycanda da pandemiya ilə bağlı tətbiq olunan qadağalar tədricən aradan qaldırılır. Bu isə ölkə iqtisadiyyatının da normal axarına dönməsi üçün əlverişli zəmin yaranması deməkdir. İdxal-ixrac əməliyyatlarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ölkədə dollara olan tələbatı kəskin artıracaq. Belə şəraitdə manatın məzənnəsində hansısa dəyişikliklər baş verə bilərmi?

Sualları cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, dünya pandemiyanın təsirlərindən çıxmaqdadır: “Bir çox istiqamətlərdə qadağalar, məhdudiyyətlər götürülür, ölkələrin öz daxilində hərəkət bərpa olunur, iyundan isə bir sıra ərazilərdə ölkələrarası gediş-gəliş də açılacaq. Yəni bərpa prosesi gedir, amma vəziyyətin pandemiyadan əvvəlki kimi, yaxud ona yaxın olması üçün ən azı ilin ikinci yarısının ortalarını gözləmək lazımdır. Həmin müddətdə yeni dalğa yaranmasa və iqtisadiyyat, normal həyat bərpanın yeni mərhələsinə keçə bilsə, bu, dünya neft bazarında da qiymətlərin 10-15 dollar artmasına səbəb olacaq. Hazırda 33-35 dollar civarındadır, onda 10-15 dollar yüksək olacaq. Amma qeyd etdiyim kimi, proses tədricən gedəcək, çünki dünya iqtisadiyyatında bərpa birdən-birə mümkün deyil. Biz hələ pandemiyanın yaratdığı qlobal böhranın tam başa çatdığını söyləyə bilmərik. Sadəcə, pik nöqtənin arxada qaldığını demək olar. Yəni böhranın ən ağır mərhələsini dünya iqtisadiyyatı keçmiş kimi görünür. Çətinliklərin tamamən arxada qaldığını o zaman söyləmək olacaq ki, dünyada iqtisadi aktivlik 2020-ci ilin yanvar-fevralındakı səviyyəyə çatsın. Bu isə gözlənildiyindən də tez baş verə bilər. Gedişat göstərir ki, indiki sürət davam edərsə, dünya iqtisadiyyatı bu ilin üçüncü rübü ərzində böhrandan tamamilə çıxmış olacaq. Bu isə neftin dünya bazar qiymətinin 45-50 dollara qədər yüksəlməsini şərtləndirəcək”.

Azərbaycandakı proseslərə gəlincə, ekspertin fikrincə, dünyada və neft bazarındakı bərpa tendensiyasının onlara təsiri çox güclü olacaq: “Yəni dünyada iqtisadi aktivlik artıb, neftin qiyməti yüksəlirsə, demək ki, Azərbaycanın makroiqtisadi sabitliyi üçün şərtlər də getdikcə daha əlverişli olur. Pandemiyanın ikinci dalğası meydana gəlməsə, ilin üçüncü rübündə proseslər bizə daha uyğun məcrada gedəcək. Manatın məzənnəsi ilə bağlı bu il üçün ciddi təhlükə gözlənilmir, bunu əvvəlcədən da qeyd etmişdim. Yalnız pandemiyanın yaratdığı böhran ilin sonunadək davam etdiyi təqdirdə belə bir təhlükə qaçılmaz olacaqdı. Bu ilin sonlarında olmasa belə, gələn ilin əvvəlində devalvasiyaya gedilməsi mütləq idi. Amma dediyimiz kimi, dünya iqtisadiyyatında bərpa sürətlə gedir, bazarlarda proseslər pozitiv xarakter alıb. Neftin qiyməti hazırda büdcədə nəzərdə tutduğumuzdan 15-20 dollar aşağıdır. Qiymət 40-45-50 dollara qədər yüksələrsə, bu, manatın dəyəri ilə bağlı gələn il də təhlükənin olmayacağı deməkdir”.

0
Musavat.com