Azərbaycan və İspaniya sərmayələrin təşviqi və qorunması sazişi imzalaya bilər

İQTİSADİYYAT
19:30 / 29.03.2023
1011

“Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş” imzalana bilər.

Hit.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ nazirin I müavini Elnur Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin İspaniyanın paytaxtı Madridə səfəri zamanı müzakirə olunub.

Səfər çərçivəsində İspaniyanın Sənaye, Turizm və Ticarət Nazirliyinin Xarici Ticarət üzrə Dövlət Katibi xanım Şiana Margarida Mendes Bertolo ilə görüş keçirilib. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin potensialı barədə məlumat verən E.Əliyev bu imkanların reallaşdırılmasında biznes dairələrinin iştirakı ilə işgüzar görüşlərin təşkilinin əhəmiyyətini qeyd edib, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə reinteqrasiya və biznesin dirçəldilməsi məqsədilə görülən işlər, investorlara yaradılan imkanlar barədə ətraflı məlumat verib. İki ölkə arasında qarşılıqlı investisiyaların artırılması, bu istiqamətdə hüquqi tənzimləmənin təmin edilməsi baxımından “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş”in hazırlanmasının önəmi vurğulanıb.

Xanım Şiana Margarida Mendes Bertolo ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığını qeyd edib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişafı perspektivləri barədə müzakirələr aparıblar.

0