Əqli Mülkiyyət Agentliyinin mənfəəti 34 % azalıb

İQTİSADİYYAT
20:05 / 03.04.2023
700

Əqli Mülkiyyət Agentliyi 2021-ci ili 985 min manat mənfəətlə başa vurub.

Hit.az Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 33,6% azdır.

2021-ci ildə Əqli Mülkiyyət Agentliyinin əsas əməliyyat gəlirləri 5,95 milyon manat (2020-ci ilə nisbətən 3,6 % az), digər gəlirləri 348 min manat (34,1 % az), insan resursları üzrə xərcləri 4,415 milyon manat (7,4 % çox), amortizasiya və köhnəlmə xərcləri 294 min manat (14,8% az), fəaliyyət üzrə xərcləri 529 min manat (18,7 % az), digər xərcləri isə 74 min manat (34,5 % az) təşkil edib.

2022-ci il yanvarın 1-nə Əqli Mülkiyyət Agentliyinin aktivləri 12,288 milyon manat olub ki, bu da illik müqayisədə 5,4 % çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 24,2 % azalaraq 641 min manata düşüb, balans kapitalı isə 7,7 % artaraq 11,647 milyon manata çatıb.

Əqli Mülkiyyət Agentliyi ölkə prezidentinin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 2,595 milyon manatdır. Agentlik müəlliflik hüququ və əlaqəli hüquqlar, məlumat toplularına və inteqral sxem topologiyalarına hüquqlar, ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına və coğrafi göstəricilərə hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə), ənənəvi biliklərə və digər qeyri-maddi mədəni irs nümunələrinə hüquqlar (bundan sonra – əqli mülkiyyət hüquqları) sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.

0