Su ilə bağlı vacib sərəncamlar: Yeni anbar tikiləcək, dəniz suyu duzsuzlaşdırılacaq

İQTİSADİYYAT
15:30 / 12.04.2023
705

Prezident İlham Əliyev Yengicə su anbarının tikintisi haqqında Sərəncam imzalayıb.

HİT.az xəbər verir ki, Sərəncamda deyilir ki, son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür.

Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişmələri, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri etmişdir.

Bu istiqamətdə fəaliyyətin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulduğu kimi, Qəbələ rayonunun ərazisində Yengicə su anbarının tikintisi üzrə zəruri texniki-iqtisadi əsaslandırma və layihələndirmə işləri başa çatdırılmışdır.

Sərəncama görə, Qəbələ rayonunda Yengicə su anbarı tikiləcək.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Yengicə su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları (qurumları) Yengicə su anbarının tikintisindən irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidirlər.

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya bu Sərəncamın 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi aidiyyəti üzrə bu Sərəncamın 1-ci hissəsində göstərilən su anbarının cari və növbəti illərdə tikintisinin maliyyələşdirilməsi üçün zəruri tədbirlər görməlidirlər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Prezident İlham Əliyev dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Sərəncam da imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. pilot layihənin icrası ilə əlaqədar “Suyun alqı-satqı müqaviləsi”nin və digər razılaşmaların imzalanması üçün zəruri tədbirlər görsün;

2.2. Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə layihənin icrası ilə əlaqədar zəruri tədbirlər görülməsini təmin etsin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq, istehsal edilən içməli suyun Bakı şəhərinə və ətraf ərazilərə nəqli ilə əlaqədar infrastruktur işlərinin görülməsi və sudan səmərəli istifadənin təmin edilməsi üçün tələb olunan vəsaitin Dövlət İnvestisiya Proqramında nəzərə alınmasına dair təkliflərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin.

0