“STP Şirkətlər Qrupu” tərəfindən Sumqayıt Texnologiyalar Parkına media nümayəndələrinin səfəri təşkil olunub.
Azərbaycanda ilk dəfə yeni məhsulun - stasionar dəniz platforma kranı istehsalına başlanılıb.
Hit.az saytının verdiyi məlumata görə bununla bağlı STP Şirkətlər Qrupuna daxil olan “SOCAR-STP” MMC tərəfindən yeni məhsul olan - stasionar dəniz platforma kranının təqdimat mərasimi keçirilib.
Mərasimdə yeni məhsulla bağlı məlumat verən SOCAR STP-nin baş icraçı direktoru Fərid Ağayev bildirib ki, “STP”-də istehsal olunacaq hidravlik yükqaldırma kranının əsas təyinatı yük , işçi heyətini barjadan, gəmidən dəniz platformasına qaldırma və daşıma əməliyyatlarını icra etmək üçündür:
“80-30 (35T)” markalı barbet üzərində stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin sifarişi əsasında Türkiyənin Gürdesan şirkəti ilə birlikdə “SOCAR-STP” MMC tərəfindən hazırlanıb. Kranın uzunluğu 35 metr təşkil edir. Ümumi yük qaldırma gücü isə 35 tondur. İstehsal edilən stasionar dəniz platforma kranı SOCAR-ın “Azneft” İB-nin platformalarında istifadə olunacaq”.
Ağayev həmçinin qeyd edib ki, bu kranlardan gəmilərdə də istifadə oluna bilər.
Təqdimatdan sonra isə kranların testi keçirilib. Əvvəlcə 35 tonluq krana 49 tonluq yük verilib. Müəyyən olunub ki, kran nəzərdə tutulan ölçüdən artıq yükə davamlıdır.
Zavodun direktoru Fərid Ağayev bildirib ki, bu gün test keçirilən ərazimiz 100 tona qədər olduğu üçün bu gün bu ölçüdə qaldıra bilir. Biz gələcəkdə yeni bir test ərazisinin tikilməsini nəzərdə tuturuq.
Ağayev avtomobil istehsal etməyin bu texnikanı istehsal etməkdən 10 dəfə asan olduğunu deyib:
“Gələcəkdə kranın xarici ölkələrə satılması da nəzərdə tutulur. 7 kran sifariş verilib, 5-i hazırdır. Kranlar bir-bir test olunur. Yəni kran test olunur, sökülür, daha sonra isə digər kran test edilir".
Qeyd edək ki, kranların gövdə hissəsi Türkiyədə yığılır, qol hissəsi isə SOCAR STP Azərbayacana aiddir. Kranlar həmçinin, insan daşımaq üçün də istifadə oluna bilər.
Gülnarə ƏMİRQIZI