Sabiq icra başçısının ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB

İQTİSADİYYAT
18:10 / 13.04.2023
864
Şəki Şəhər İcra Hakimiyyətinin sabiq başçısının ölkədən çıxışına "stop” qoyula bilər. 
 
Qaynarinfo-nun məlumatına görə, Şəkinin icra başçısı olmuş Murad Cabbarlının Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə yüksək məbləğdə vergi borcu yaranıb.  
 
Borc ödənilmədiyi üçün iş məhkəməyə göndərilib.
 
İşə aprel ayının 25-də Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundovanın sədrliyi ilə baxlacaq baxılacaq. Qərar verilərsə, Murad Cabbarlının ölkədən çıxışına "stop” qoyulacaq. 
 
 
Qeyd edək ki, Cabbarlı Murad Qorxmaz oğlu 1960-cı il may ayının 5-də Bakı şəhərində anadan olub. Əmək fəaliyyətinə 1977-ci ildə A.Qarayev adına Uşaq Kliniki Xəstəxanasında başlayıb. O, 1992-1994-cü illərdə Moskva şəhərində "Soyuzvneştorq" istehsal-ticarət birliyinin baş direktorunun müavini, 1994-1996-ci illərdə "Neftemaşimpeks" SC-də kommersiya işləri üzrə direktor, 1996-1998-ci illərdə "Texnotsentr-5" MMC-nin direktor müavini vəzifələrində çalışıb. 1998-2000-ci illərdə Bakı şəhərində "Şəms-R" elm-istehsalat şirkətində baş direktorun müavini, 2000-2008-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim, həmçinin 2002-2006-cı illərdə əvəzçilik qaydasında "Savalan" ATSC idarə heyətinin sədri, 2006-2008-ci illərdə "ADA-Mülkiyyət" MMC-nin direktoru vəzifəsində işləyib. 
 
2008-ci ildə "Şəki Aqro İndastris" MMC-nin maliyyə və idarə işləri üzrə direktor müavini, 2008-2010-cu illərdə "Şəki Kərpic" MMC-nin direktoru vəzifəsində çalışmışdır. 2010-cu il aprel ayının 21-dən 2011-ci il may ayının 23-dək Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
 
 
0