Hövsan Yaşayış Kompleksinin tikintisi ilə bağlı qalmaqal yaranıb.
Qaynarinfo xəbər verir ki, kompleksin inşasında podratçı şirkət olan "Hünər-İnşaat” Firması müqavilə öhdəliklərinə əməl etmir.
Əldə etdiyimiz məlumata görə, "Hünər-İnşaat” firması subpodratçı şirkət "MECC” MMC-yə borclu qalıb. Borcun məbləği 162 200.97 AZN-dir. Lakin şirkət borcunu vermək istəmir.
Faktı "MECC” MMC-nin direktor köməkçisi Salman Salmanzadə də təsdiqləyib.
Onun sözlərinə görə, dəfələrlər "Hünər-İnşaat” Firmasının rəhbərliyi ilə bu barədə müzakirələr aparılsa da, şirkət borcu ödəməkdən imtina edir.
"Hünər-İnşaat” 14 oktyabr 1997-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı AZN-dir. Şirkətin qanuni təmsilçisi Əliyev Tofiq Cəlal oğludur.
Maraqlıdır ki, 26 ildir fəaliyyət göstərən və dövlət layihələrinin icrasında iştirak edən şirkət barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.
"Hünər-İnşaat” Fırmasının əsasən Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) layihələrində podratçı şirkət kimi iştirak etməsi firmanın bu quruma yaxınlığı barədə şübhələrə səbəb olub. İddialara görə, firmanın təsisçisi MİDA-nın tabeliyində fəaliyyət göstərən "MİDA” MMC-nin direktoru Fərhad Təhməzovdur. Bu məlumat mediada da əks olunub.
Fərhad Təhməzov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzovun qardaşıdır. Onların digər qardaşı Atəş Təhməzov isə "6-cı mərtəbə” şirkətinin prezidentidir. Bu şirkət də dövlət layihələrinin icrasını həyata keçirir.
Məsələn, "6-cı mərtəbə” şirkəti "Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işlərində podratçı olub. Yeri gəlmişkən, bu şirkətin də subpodratçılara borcu var. Bir neçə gün əvvəl "Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işlərində subpodratçı şirkətlər olan "MV Group” MMC, "İdea Yapı” MMC və "MECC” MMC bununla bağlı mətbuat konfransı keçirib.