"Səmərəli mexanizmlər tapılmasa və tətbiq olunmasa, heç bir qərar müsbət nəticələrə səbəb olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov Bakı Nəqliyyat Agentliyinin ləğv edilərək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə verilməsinə münasibət bildirərkən deyib:
"Əlaqələndirmə Şurasının yaradılması və BNA-nın AYNA-ya birləşdirilməsi yeni bir yol ayrıcıdır, hər şeyə sanki yenidən başlamaq deməkdir. Seçilən yolun uğurlu olub-olmayacağını isə bəri başdan deməkdə çətinlik çəkirəm. Son 20 ildə artıq üçüncü dəfədir ki, nəqliyyat sahəsində ciddi institusional dəyişiklik baş verir. Hər şey çevik fəaliyyətdən, müəyyən edilən dövlət siyasətinin nə dərəcədə uğurlu olması və icra mexanizmindən asılı olacaq. İctimai nəqliyyatda hazırda ən vacib məsələ iqtisadi problemdir. Bakıda 27 metrostansiyanın olması ayıbdır. Burada heç olmasa 127 metrostansiya olmalı idi. Bakı kimi şəhərdə şəhərətrafı qatarlar bütün kənd və qəsəbələri əhatə etməlidir. Mükəmməl avtobus marşurutları, tramvay xətləri, sanballı taksi sistemi olmalıdır. Hazırda isə bunların heç biri yoxdur”.
Həmsöhbətimiz qeyd edir ki, şəhərin ictimai nəqliyyatının idarə olunmasına ciddi yanaşma sərgilənməlidir:
"Həmin yanaşma da vahid dövlət siyasəti çərçivəsində olmalıdır. Nəqliyyatı Əlaqələndirmə Şurasının əsas hədəfi də dövlət siyasətinin müəyyən edilməsilə bağlı olmalıdır. Mobilliyin təmin edilməsi, yol-hərəkət təhlükəsizliyinin təmini, yol-nəqliyyat infrastrukturu, ictimai nəqliyyatının inkişafı məsələlərini Əlaqələndirmə Şurası müəyyən etməlidir”.
Ekspert ictimai nəqliyyatın inkişafına nail olmaq üçün böyük sərmayəyə ehtiyac olduğunu düşünür.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanla Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki "Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilib.