Bu gün paytaxt Bakıda yüzlərlə restoran fəaliyyət göstərir. İnsanlar adətən istirahət etmək, doğmaları ilə vaxt keçirmək üçün restorana üz tuturlar. Hər bir restoranın özünəməxsus təamları və ab-havası var.
Maraqlıdır, görəsən, hazırda restoranlarda sanitar-gigiyenik vəziyyət hansı səviyyədədir? Müştəri nə vaxt restoranın mətbəxini yoxlaya bilər?
Məsələ ilə bağlı qida üzrə baş mütəxəssis Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda bəzi restoranlar yaxşı səviyyədə olsaydı bu qədər zəhərlənmə halları baş verməzdi.
Onun sözlərinə görə, Almaniyada hər hansı bir restoranda yemək yeyən şəxsdə baş ağrısı, ürək bulanma və ya ishal baş verərsə, həmin insan ilk növbədə analiz verir və nədən zəhərləndiyi ortaya çıxır:
“Amma çox təəssüflər olsun ki, biz öləndə həkimə müraciət edirik. Düşünürəm ki, bizdə də bu qayda formalaşmalıdır ki, restoranlar da öz səhvlərini ört-basdır edə bilməsinlər. Bu da onun göstəricisidir ki, Azərbaycanda restoranların 70-80%-də antisanitar vəziyyət baş alıb gedir. Bütün bunlara da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Amma hazırda bu gün bu nəzarət sıfır səviyyəsindədir”.
Ağa Salamov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, müştərilərin mətbəxə girişi olmalıdır:
“İstehlakçının mətbəxə baxması üçün hər bir restoranda bone, baxıl və xüsusi forma olmalıdır. Təəssüf ki, bu Azərbaycanda mövcud olan bir sistem deyil. Əlbəttə ki, belə bir sistem var. Bu sistemi bəzi otellər icra edir. Digər otellər isə antisanitar vəziyyətdə işləyirlər. Bütün bunların hamısı təlimsizlik, biliksizlik, işi bilməmək, professional insanların işə götürülməməsindən qaynaqlanır. Bütün bunların hamısı idarətetmə sisteminin başında kimin olmasından qaynaqlanır. Əgər, idarəetmə sistemində həqiqətən menecmentlik ixtisasını bitirmiş, otel, restoran biznesinin idarə olunması və qida texnologiyasından anlayışı olan bir menecer varsa, təbii ki, həmin şəxs standartlara riayət edəcək. Amma bizdə 10 il ofisiant işləyəni menecer qoyurlar. Həmin şəxs də necə deyərlər “qaş düzəldən yerdə vurub gözü də çıxardır”. Çünki həmin şəxs bilgisizdir. İctimai iaşənin dərinliklərini bilməyən adamları rəhbər şəxs kimi vəzifəyə qoymaq düzgün deyil. Aidiyyəti qurumlar buna nəzarət etməlidir. Hazırda restoranlarda ali təhsilli menecerlər, ən azından peşə liseyini bitirən və təcrübəli aşpazlar olmalıdır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Lent.az-a açıqlamasında hazırda restoranlarda vəziyyətin çox gərgin olduğunu bildirib.
Onun sözlərinə görə, bir neçə il əvvəl Bakının mərkəzində yerləşən bərli-bəzəkli restoranın mətbəxinin bərbad vəziyyətdə olduğu məlum oldu:
“Əlbəttə ki, mətbəxi açıq və normal olan restoranlar da var. Bu cür restoranlarda insanlar mətbəxdə nə baş verdiyini görə bilərlər. Düşünürəm ki, bununla bağlı istehlakçılar üçün müəyyən şəraitlər yaradılmalıdır. Təəssüflər olsun ki, hazırda bununla bağlı hər hansı bir qərar yoxdur. Restoranlar istehlakçı hüquqlarının ən çox pozulduğu yerlərdən biridir. Hazırda restoranlarda çox anormal bir vəziyyət var. Bəzən vaxtı keçmiş, köhnə ət və yararsız qidalar təqdim edilir”.