Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovun istefası ilə bağlı petisiyada 1,3 milyondan çox sakin merin istefaya göndərilməsini istəyib.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Aleksandr Beqlovun şimali paytaxtın qubernatoru vəzifəsindən azad edilməsi tələbi ilə bağlı Putinə ünvanlanmış petisiya aprelin 17-də başlayıb. Merin idarəçiliyindən narazılıq çoxdan var, amma sakinlərin səbrinin son damlası Beqlovun MDB ölkələrinin assambleyasında Ukrayna bayrağı fonunda çıxışı olub.
Beqlovla bağlı petisiya dörd gün ərzində ciddi iştirakçı cəlb edib. Sakinlərin böyük əksəriyyəti, yəni 78 faizi, Sankt-Peterburqa yeni qubernator ehtiyacı olduğu fikrini bildirib.
Ehtimallara görə, 2018-ci ildən Rusiyanın ən mühüm ikinci şəhərinə rəhbərlik edən Beqlov prezidentin qərarını gözləmədən könüllü istefa verə bilər. Təhlilçilər güman edirdilər ki, qarşıdan gələn yeni seçkilərdə Beqlovun qubernator postunu saxlamaq imkanlarını minimum endirir. Sankt-Peterburq qubernatoru xüsusilə idarəetmədə uğursuzluqlarına görə tənqid olunur. Məsələn, qışda, Sankt-Peterburqun mənzil-kommunal sektoru bərbad işləyir, şəhərin küçələrinə lazımi miqdarda texnika çıxarılmır.
Aleksandr Dmitriyeviç Beqlov 1956-cı il mayın 19-da Bakıda doğulub. Onun atası İkinci Dünya müharibəsinin iştirakçısıdır. Beqlov deyib ki, Azərbaycan ailəsinin taleyində xüsusi rol oynayıb. Qubernatorun sözlərinə görə, 1941-ci il yayın əvvəlində onun valideynləri Bakıya istirahətə gediblər.
A.Beqlov deyib: "1941-ci ildə mən hələ dünyaya gəlməmişdim. Bu barədə bildiklərimin hamısını yaşıllıardan eşitmişəm. Atamla birgə hərbi xidmət keçmiş dostları onu Xəzər sahilinə qonaq çağırıblar. Valideynlərim oraya çatandan az sonra müharibə başlanıb. Atamı dərhal cəbhəyə göndəriblər, anam isə iki yaşlı oğlu və dörd yaşlı qızı ilə birlikdə yad şəhərdə tək qalıb. Atamın dostları anama və uşaqlara sığınacaq və bir tikə çörək veriblər”.
Beqlovun atası Böyük Vətən Müharibəsi başa çatana qədər cəbhədə olub və yalnız 1946-cı il ərəfəsində Bakıya qayıdıb. Onların ailəsi Azərbaycanda qalmağı qərara alıb. A.Beqlov Bakıda doğulub. O, ailədə səkkizinci uşaq olub.
A.Beqlov Bakıda da olub və deyib ki, Azərbaycan paytaxtı ona doğma şəhərdir: "Bu şəhəri həmişə özüm üçün doğma saymışam, indi də heç nə dəyişməyib. Mən Bakıda doğulmuşam, orada boya-başa çatmışam. Bizim həyətdə yerli oğlanlarla dostluq edirdim, millətlər arasında heç bir fərq görmürdüm. Heç birimiz hansı dostumuzun hansı millətə mənsub olması barədə düşünmürdük. Hamımız bakılılar idik, birlikdə qaçır, oynayır, söhbət edirdik. Evlərimizin qapıları heç vaxt bağlanmırdı. O vaxt hamı belə yaşayırdı. Necə deyərlər, təki ürək geniş olsun. Qonşuların dalaşması, bir-biri ilə münasibətləri ayırd etməsi yadıma gəlmir. İnsanlar mehriban yaşayır, bir-birinə kömək edirdi”.